18:30, 07 Dekabr 2019 (Şənbə) 408

“Əli İnsanov nazir olanda bizi buradan qovmaq istədi” – REPORTAJ

“Əli İnsanov nazir olanda bizi buradan qovmaq istədi” – REPORTAJ
"22 ildir ki, bizimlə maraqlanan yoxdur, ümidimiz də yoxdur"

"Dedilər, burada köçkünlər yaşayırmış...”

"Burada yaşadığımızdan heç xəbərləri də yoxdur. Bir neçə il bundan əvvəl, həyəti hasarlayıb bina tikmək istəyirdilər. Etiraz etdik, dayandırdılar”.

Bunu Toplum.Tv-yə Xətai rayon, Ə.Şıxlınski küçəsində köhnə bir binada məskunlaşan məcburi köçkünlər deyib. 

Onlar deyiblər ki, bu bina əvvəllər Səhiyyə Nazirliyinin balansında olub, həmçinin Ürək və Böyrək Xəstəlikləri Dispanseri kimi fəaliyyət göstərib.  

Məcburi köçkünlər aidiyyəti qurumların biganələyindən narazıdırlar: "Bir dəfə gəlmişdilər. "Burada köçkünlər yaşayırmış?”, - dedilər. Sonra heç axtaran da olmadı. Bu günə qədər qapımızı döyüb maraqlanan yoxdur”. 

"22 ildir ki, burada məskunlaşmışıq”

"Bina tikmək istəyəndə əraziyə Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov da gəlmişdi. Onda bildirlər ki, burada məcburi köçkünlər yaşayır. Biz də sökülməsinə və yeni binanın tiklməsinə imkan vermədik”, - onlar deyirlər.


1997-ci ildən burada məskunlaşan köçkünlər əlaqədar qurumların onların problemləri ilə maraqlanmadığını bildiriblər: "22 ildir ki, burada məskunlaşmışıq, amma hələ də mənzillə təmin etmirlər”. 

Binada qaz xətti yoxdur...

4 korpusdan ibarət olan dispanser binasında 100-ə yaxın ailə yaşayır. 

Onlar əsasən, Ağdam, Cəbrayıl və Laçın rayonlarından olan məcburi köçkünlərdir. 

Deyirlər ki, binada ağır və dözülməz şəraitin aradan qaldırılması ilə bağlı da heç bir tədbir görülmür. 

Yağmurlu havalarda isə mənzərə daha acınacaqlı olur, 2 mərtəbəli binanın tavanı yağış yağarkən damır. 

Binada, ümumiyyətlə, qaz xətti yoxdur. Qışda – soyuq havalarda otaqların qızdırılması çətin olur. Onlar elektrik sobalarından istifadə edirlər. 

Binanın həyətindəki tavansız və suvaqsız fərdi tikilidə 5 nəfərlik ailə kiçik bir otaqda yerləşib. 

"Əli İnsanov nazir olanda bizi qovmaq istədi”

Köçkünlər deyirlər ki, elektrik xətlərinin üzdə olması həyati təhlükə daşıyır, hətta bir neçə il öncə bir nəfər cərəyan vurmasından həyatını itirib. 

Onlar hətta şikayət etməkdən çəkinirlər. Dediklərinə görə, illər öncə - Əli İnsanov nazir olanda dəfələrlə onları bu dispanser binasından qovmağa cəhd edib, hətta təhdid də ediblər, amma köçkünlər binanı tərk etməyiblər.

Deyirlər ki, şikayət etsələr, yenə eyni problemlərlə üzəşə bilərlər. 

"Ordan-buradan eşidirik ki, ev verəcəklər”

Cəbrayıl rayon Qumlaq kəndindən Roza xanım da şəraitdən narazılıq edir, amma nə vaxtsa onlara ev veriləcəyinə ümidi yoxdur: "Bizi gəlib qeydiyyata alan olmayıb. Ordan-burdan eşidirik ki, ev verəcəklər. Amma ümidimiz qalmayıb. Bizim kəndimiz İranla sərhəddə yerləşirdi. Cəbrayıl işğal olunanda Xudafərini keçib İranda yerləşdik. Bizi farslar qovdular (ağlayır). Neçə gün idi, ac idik. Oturub yemək yemək istədik, gəlib bizi qovdular...”

"Yollarda sürünmüş, çöllərdə yatmışıq” 

O deyir ki, Bakıya gələnə qədər bir neçə rayonda müvəqqəti yaşayıblar: "Əvvəlcə, Beyləqana, sonra Əli Bayramlıya, oradan Saatlı və Bayıla, axırda da bura gəlib çıxdıq. Düz 4 il yollarda sürünmüş, çöllərdə yatmışıq. 1997-ci ildən burada yaşayırıq. Bura onda da zibillik bir ərazi idi. Bir təhər dözüb yaşayırıq. Şəraitimiz, qazımız yoxdur. Qışda problemlərimiz lap çox olur. Nə etmişiksə, özümüz etmişik”.

"Qaçqınkom”: "Mərhələli şəkildə köçürülür”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Toplum.Tv-yə bildiriblər ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraiti mərhələli şəkildə həll edilir. 

"Yeni salınmış yaşayış komplekslərinə hələ də qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülür. Qeyd edilən ünvanlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər ailələri ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı var. Qeyd edilən ünvanda məskunlaşmış məcburi köçkün ailələrinin növbəti mərhələlərdə yeni mənzillərə köçürülməsi nəzərdə tutulub”.

Vüsalə Mikayıl
Toplum.Tv