17:13, 07 Sentyabr 2020 (Bazar ertəsi) 340

Əli İnsanovun köməkçisinə 30 sutka həbs verilib

Əli İnsanovun köməkçisinə 30 sutka həbs verilib
Partiya sədrinin köməkçisi polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunur

Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun köməkçisi Rəşad Abbaslı 30 sutka müddətinə həbs edilib.

Sentyabrın 7-də Binəqədi Rayon Məhkəməsi onun haqqında hökm çıxarıb.

Rəşad Abbaslı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunub.

Bu barədə Meydan TV-yə partiyanın İdarə Heyətinin üzvü Babək Adıgözəlov məlumat deyib.

O, Rəşad Abbaslının həbsini partiyanın fəaliyyəti ilə əlaqələndirib.

R.Abbaslı sentyabrın 5-də partiya sədri Əli İnsanovla görüşə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub.

O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib.

2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Ə.İnsanovun cəza müddətinin başa çatmasına 1 ay qalanda növbəti cinayət işi açılıb və 7 il azadlıqdan məhrum edilib.

O, 2019-cu ilin martında əfv olunub.

Bu ilin yanvarın 25-də Haqq Ədalət Partiyasının təsis konfransı keçirilib.