18:30, 10 Dekabr 2019 (Çərşənbə axşamı) 659

Erkin Qədirli: "4 halda mandatdan imtina edəcəyəm"

Erkin Qədirli:
ReAl Partiyasının üzvü Erkin Qədirli 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizədliyini irəli sürəcək.

Bu barədə o, öz feysbuk səhifəsində məlumat yayıb.

"Qarşıdan gələn parlament seçkilərinə qatılmalı olacağam. Bundan öncəki imtinama görə ReAl-da çox tənqid olundum. Burasını uzatmayım, qərarımı dəyişdirməyimin qıraqdan çox pis göründüyünü anlayıram. Bununla belə, Milli Məclisdə yerimin hazır olduğunu iddia edənləri tələsməməyə çağırıram. İki aydan sonra hər şey aydın olacaq. Dedi-qodulara deyil, ölçüləbilən nəsnələrə birlikdə baxarıq, "- deyə o, açıqlamasında bildirib.

Həmçinin Erkin Qədirli vurğulayıb ki, deputat seçilməsində qanunsuzluq olarsa o, mandatlıqdan imtina edəcək: "İndidən bildirirəm ki, deputat seçilməyim aşağıdakı hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputatlığımdan imtina edəcəyəm:

1) ATƏT-in mənfi rəyi;
2) dairəmdə karusel və/və ya bülletendoldurma;
3) dairəmdə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;
4) protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması".

Erkin Qədirli əlavə edib ki, 2-ci, 3-cü və ya 4-cü bəndlərdə yazılanların baş verəcəyini gözləmir: 

"Mənim xeyrimə səsvermənin nəticələrini saxtalaşdırmaq faydasız, hətta mənasız bir iş olardı. Bununla belə, parlamentdə yerimin hazır olduğunu iddia edənlər, güman ki, bu cür halları nəzərdə tuturlar (bəzilərinin belə işlərdə təcrübələri də var)".

O, sonda bildirib ki, 1-ci bənddəki hal daha ciddidir: 

"ATƏT-in dəyərləndirmə, ardınca da müşahidə missiyaları gələndə, onlarla bununla bağlı ayrıca danışasıyam".

Parlament hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılıb. Növbədənkənar seçkilər fevralın 9-na təyin edilib. 

Müsavat, REAL, Ümid partiyaları seçkilərdə iştirak etmək barədə qərar qəbul ediblər.

AXCP və Demokratik Qüvvələrin Milli Şurası seçkini boykot etmək barədə qərar qəbul edib.
 
Aytac Ağazadə