13:19, 19 Noyabr 2020 (Cümə axşamı) 97

Ermənistan müxalifəti mitinqləri dayandırmayacağını bəyan edib

Ermənistan müxalifəti mitinqləri dayandırmayacağını bəyan edib
Ermənistan müxalifətinin dünən paytaxt Yerevanda keçirilən mitinqində mindən çox adam iştirak edib. Müxalifət bəyan edib ki, mitinqləri davam etdirmək niyyətindədir. Bu barədə noyabrın 19-da "News.am" saytı məlumat yayıb. 

"Mövcud gündəm dəyişmir, çünki heç bir dəyişiklik yoxdur. Ermənistan müxalifətinin mitinqləri davam edir". Bu sözləri Ermənistan parlamentində təşkil olunan mətbuat konfransında "Çiçəklənən Ermnistan" partiyasından olan deputat Mikael Melkumyan deyib. 

Melkumyanın sözlərinə görə, hüquq mühafizə orqanları müxalifət partiyalarının liderlərinə etiraz aksiyalarında iştirak etməyə imkan vermir. "Siz özünüz görürsünüz ki, mitinqlərin başlamasına beş dəqiqə, yarım saat, iki saat qalmış insanlar Milli Təhlükəsizlik Xidmətinə çağırılırlar, mitinqdə iştirak etmək üçün insanın fiziki imkanı olmalıdır", - deyə Melkumyan bildirib. 

Ermənistan müxalifəti noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs bəyanatını ölkə üçün qara ləkə adlandırır və belə bir müqavilə imzaladığına görə, baş nazir Nikol Paşinyanı istefaya çağırır. Paşinyanın başçılıq etdiyi hökumətə qarşı Yerevanda bir neçə kütləvi etiraz mitinqi keçirilib.