12:31, 17 Noyabr 2020 (Çərşənbə axşamı) 83

Ermənistan prezidenti: "Növbədənkənar parlament seçkiləri qaçılmazdır"

Ermənistan prezidenti:


/ DÜNYA
Ermənistan prezidenti Armen Sərkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin, o vaxta qədər isə ölkənin idarəçiliyinin milli həmrəylik hökumətinə verilməsinin zəruriliyindən danışıb. 

"Biz cəlb olunduğumuz müharibədə olduğu kimi, həm də diplomatik və beynəlxalq müstəvidə məğlub olduq. Ölkə artıq 26 sentyabrdakı, hətta 8 noyabrdakı ölkə deyil. Yaranmış vəziyyəti, ictimaiyyətin istəklərini diqqətə alsaq, daxili sarsıntılardan qaçmaq üçün növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyi açıq-aydındır”.

Sərkisyanın sözlərinə görə, indiki kontekstdə hökumət və hakim siyasi qüvvənin öz potensialını obyektiv qiymətləndirməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkün edən konstitusion proseslərin yol xəritəsini ən qısa müddətdə  təqdim etməsi yeganə məsuliyyətli yanaşma olardı: "O vaxta qədər isə ölkənin idarə olunması yüksək peşəkarlıqlı milli həmrəylik hökumətinə veriləcək”.

Ermənistan prezidenti bildirib ki, siyasi və ictimai sahənin müxtəlif sferalarının çoxsaylı nümayəndələri ilə görüşüb, diaspora nümayəndələri ilə telefonla əlaqə saxlayıb: "Görüş iştirakçılarının mütləq əksəriyyəti bir məsələdə həmfikirdirlər – baş nazirin Konstitusiyaya uyğun olaraq istefa verməsi və ya səlahiyyətlərinin dayandırılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi qaçılmazdır”.
  
Sərkisyan vurğulayıb ki, onun bütün fikirləri dövlət və milli maraqlardan doğur. O xatırladıb ki, Ermənistandakı prosesləri təkcə onun dostları deyil, düşmənləri də izləyir.