15:31, 12 Noyabr 2020 (Cümə axşamı) 115

Ermənistanın keçmiş baş prokuroru: Azərbaycana 50 milyard dollar ödəməliyik

Ermənistanın keçmiş baş prokuroru: Azərbaycana 50 milyard dollar ödəməliyik


/ DÜNYA
Ermənistanın keçmiş baş prokuroru Gevork Kostanyan bəyan edib ki, 10 noyabrda baş nazirin imzaladığı sazişə əsasən Ermənistan Azərbaycana 50 milyard dollardan çox vəsait ödəməlidir (News.am, 12 noyabr).

"Bu sənədə əsasən, biz təkcə ərazi itkisi ilə üzləşməmişik, həm də Azərbaycana 50 milyard dollardan çox vəsait ödəməliyik. Hələ iki il əvvəl biz xəbərdarlıq etmişdik ki, Azərbaycan Arsax ("DQR") və 7 rayonda Azərbaycana guya maddi ziyanın vurulması ilə bağlı Ermənistanı məhkəməyə verməyə hazırlaşır. Ancaq onlar ittihamı irəli sürə bilmədilər, çünki əllərində Ermənistanın məsuliyyət daşıyan subyekt kimi göstərəcək kifayət qədər sübut yox idi. Onlar dəyən ziyanı ödəmək üçün beynəlxalq təşkilatla razılaşdılar, təşkilat da Azərbaycana 50 milyard dollar həcmində ziyan vurulduğunu hesabladı. Bir müddət əvvəl Azərbaycan prezidenti bəyan etdi ki, Azərbaycan doğrudan da Ermənistana qarşı məhkəmə işi hazırlayır. Əminəm ki, bu istiqamətdə işlər aktivləşib, belə ki, Ermənistanın baş naziri 10 noyabrda məşhur sənədi imzalamaqla, mahiyyət etibarilə Ermənistan Respublikanın məsuliyyət daşıyan subyekt olduğunu təsdiq edib, beləliklə də dolayı yolla üzərinə zərər vuran tərəf kimi öhdəlik götürüb", - keçmiş baş prokuror deyib. 

Gevork Kostanyan Nikol Paşinyanın imzaladığı sənədin ölkə üçün ciddi maliyyə problemlərinə səbəb olacağını vurğulayıb: "Bu bizim üzərimizə böyük maliyyə öhdəlikləri qoyacaq və bunu heç bizim gələcək nəsillərimiz belə ödəyib qurtara bilməyəcəklər".