16:18, 20 Sentyabr 2020 (Bazar) 149

“Əsrin müqaviləsi”- 26 il

“Əsrin müqaviləsi”- 26 il
"Əsas işimiz nefti çıxarmaqdan, satmaqdan və pul qazanmaqdan ibarət olub” 

1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft yataqlarının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında "Əsrin müqaviləsi” imzalandı. Artıq müqavilənin imzalanmasından 26 il ötür.

İqtisadçı-ekspert Natiq Cəfərli Toplum TV-yə açıqlamasında neft müqavilələrdən ölkəyə gələn vəsaitlərdən danışır:
 "İndiyə qədər neft-qaz satışından Azərbaycana 200 milyard dollardan çox vəsait daxil olub. Neft kontraktları imzalanandan sonrakı ilk bonus 300 milyon dollar dəyərində idi, o dövr uçün böyük vəsait sayılırdı,  Azərbaycanın büdcəsi qədərdi. 2003-cü ildən sonrasa ölkəyə böyük neft pulları daxil olmağa başladı. Ümumilikdə bu günə qədər neft-qaz satışından Azərbaycan 200 milyard dollardan çox gəlir əldə edib. Hər il ölkə büdcəsinin 50%-i, bu il isə 58%-i Neft Fondundan transferlər hesabına formalaşıb. Bu o deməkdir ki, neft pulları olmasaydı, büdcənin formalaşmasında da böyük problemlər olacaqdı. 2000-ci ilin əvvəllərindən böyük infrastruktur layihələrinə start verildi və  problemlər də elə ondan sonra başladı”. 

Neft gəlirlərinin qeyri-effektiv xərclənməsi 

Ekspert hesab edir ki, problemlər həm də neft satışından əldə olunmuş vəsaitlərin xərclənməsindəki korrupsiya hallarından qaynaqlanıb:  "Əlbəttə, infrastruktur layihələrinin inkişaf etdirilməsi özü-özlüyündə mənfi hal deyil. Azərbaycan sovet dövründən qalma köhnə infrastruktura malik idi, yollar köhnə və bərbad gündəydi. Magistrallar tikilməli, körpülər salınmalı idi. İri binalar da olmalı idi, ölkənin qazla təminatı yaxşılaşdırılmalı idi. Buna heç kim heç nə demir. Bu, bütün dünyada belədir. Problem ondadır ki, vəsaitlər qeyri-şəffaf şəkildə idarə olundu. Müxtəlif korrupsiya sxemlərinin olması, ayrılan vəsaitlərin qeyri-effektiv xərclənməsi böyük itkilərə və həmin vəsaitlərin mənimsənilməsinə gətirib çıxardı. Bu tendensiya, təəssüf ki, bu gün də davam edir. Neft Fondundan ayrılan vəsaitlərin əsasən infrastruktur layihələrinə və büdcəyə yönəlməsinin şahidi oluruq”. 

N. Cəfərli qeyd edir ki, neft pullarını hələ 2000-ci ildən etibarən qeyri-neft sektorunun inkişafına, istehsalın artmasına, idxalı əvəz edə biləcək istehsalat sahələrinin yaradılmasına yönəltmək mümkün idi:  "Təəssüf ki, bu baş vermədi və indi biz bunun fəsadlarını yaşayırıq. Bu gün Azərbaycan idxaldan asılı olan ölkələr sırasındadır. Bu illər ərzində yeganə qazancımız o olub ki, Neft Fondunda təxminən 41 milyard dollara yaxın vəsait toplaya bilmişik. Yəni ölkəyə neft pullarından 200 milyarddan artıq vəsait gəlsə də, hazırda cəmi 41 mlrd dollarlıq vəsaitlə qalmışıq. Yeganə güvənc yerimiz həmin vəsaitdir”. 

Ekspert yeni iqtisadi modelə keçməyin çox  vacib olduğunu vurğulayır:  "Dünya artıq neftdən asılı deyil, tostneft dövrü pandemiyadan illər öncə başlayıb, postmodern iqtisadi modelə, rəqəmsal iqtisadiyyata keçid baş verib. Amma biz hələ də düşünürük ki, 2020-də də, 2030-da, 2050-də də eyni modellə - neft çıxarıb satmaqla ölkəni idarə edə biləcəyik. Halbuki bu, artıq mümkün deyil, neft hasilatı  azalıb. Neft qiymətlərinin aşağı səviyyədə qalacağı ehtimalı böyükdür. Hətta BP də yayımladığı hesabatda əminliklə qeyd edir ki, baha neft dövrü geridə qalıb,  daha  heç vaxt neft çox baha olmayacaq. İndi biz neft faktorundan istifadə edərək yeni iqtisadi modelə keçid etməliyik. Amma Rövnəq Abdullayevin məlum məqaləsindən anlaşılır ki, Azərbaycan hökuməti hələ də neft hasilatı üzərində inşa edilmiş iqtisadi modelə ümid edir”.

İqtisadçı Pərviz Heydərovsa hesab edir ki, 26 il əvvəl imzalanmış müqavilə Azərbaycanın inkişafına misilsiz xidmət göstərib:"Əsrin müqaviləsi” iqtisadi yüksəlişimizdə həlledici rol oynayıb. İlkin olaraq xarici investisiyaların ölkəyə daxil olmasına şərait yaradıb. Nəticədə bu gün Azərbaycan özü investor ölkədir, böyük maliyyə ehtiyatları var, heç bir ölkədən və beynəlxalq maliyyə qurumlarından asılı deyil. Özümüz donor ölkə kimi tanınırıq”. 

Qeyri-neft sektoru inkişaf etdirilməyib

Amma Pərviz Heydərov hasilatın azalması faktoruna və bunun ölkə üçün yaradacağı problemlərə də diqqət çəkir:  "Artıq eniş dövrü başlayıb. Ən yüksək səviyyə 2010-cu ildə olub, onda 50 milyon tondan çox neft çıxarılmışdı. 10 ildir ki, hasilat azalır. "Azəri-Çıraq-Günəşli” yatağında isə istehsalat müddəti bitmək üzrədir. Düzdür, bu yataqların istismar müddətinin artırılması, hasilatın sabit saxlanması üçün tədbirlər görülür. Amma bunu uzun müddət təmin etmək mümkün deyil. İndi qeyri-neft sektoruna investisiya qoymaq və o səviyyədə gəlir əldə etməksə mümkünsüzdür. Çünki bunun üçün məhsullar rəqabət qabiliyyətli, keyfiyyətli olmalı və satış bazarıyla təmin edilməlidir. Müqavilədən sonrakı 26 il ərzində qeyri-neft sektoru inkişaf etdirilmədi. Əvvəl buna imkan yox idi. İndi investisiya üçün qapılar açılsa da, hələ ki buna nail ola bilmirik”. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov "Əsrin müqaviləsi”ni təkcə iqtisadi yox, sosial problemlərin həlli baxımından da əhəmiyyətli hesab edir:  "Müqavilə imzalanandan sonra Azərbaycana yeni texnologiyalar gətirildi, digər sahələrə investisiyalar qoyuldu, yeni idarəetmə prinsipləri tətbiq edildi və ümumilikdə çoxşaxəli bir proses başladı. Ölkədə müəyyən vəsaitlər toplandı, bir sıra problemlər həll edildi, o cümlədən qaçqınlar üçün şəhərciklər tikildi, onlara maddi yardımlar edildi”. 

Neftdən azad olmaq 

Ancaq S. Bağırov da ölkə iqtisadiyyatının neftdən asılılığına diqqət çəkir: "Bu gün neftin büdcə gəlirlərindəki və ümumidaxili məhsuldakı payı 50 faizdən çoxdur, ixracatda isə 90 faizdən artıqdır. Bu, iqtisadiyyatın hələ də neftdən azad ola bilmədiyini göstərir və təəssüf doğurur”. 

S. Bağırov müqavilənin hələ də strateji əhəmiyyətə malik olmasını bununla izah edir: "Hərçənd strategiya deyəndə çox gurultulu səslənir. Ortada olan iş sadəcə nefti hasil etməkdən, satmaqdan və pul qazanmaqdan ibarətdir. Gələcəkdə ölkə iqtisadiyyatı neftdən azad olmağa istiqamətləndirilməlidir. Azərbaycan neftdən bu qədər asılı olmamağa çalışmalıdır. Onsuz da neftin əhəmiyyəti get-gedə azalacaq. Əgər iqtisadiyyatı digər istiqamətə yönəltməsək, Neft Fonduna toplanan pullar bir neçə ilə xərclənib qurtaracaq. Ondan sonra nə edəcəyik? Mövcud problemlər daha da kəskinləşəcək”.

1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq” neft yataqlarının və "Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi” imzalanıb. "Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub. 

Vüsalə Mikayıl