12:28, 16 Sentyabr 2020 (Çərşənbə) 196

Evdə internetimizin güclü olması üçün nə etməliyik?

Evdə internetimizin güclü olması üçün nə etməliyik?
Yay tətili bitdi, məktəb və universitetlərdə dərslər isə əsasən onlayn keçirilməkdədir. Belə hallarda tez-tez internetin zəif olması barədə şikayətlər eşidirik. İstifadəçilərinin çoxunun sürətli internet bağlantısına – fiber-optik qoşulmaya çıxışı yoxdur.  

ADSL qoşulmaları ilə bağlı şikayətlər isə çoxdur. Tarif planına uyğun sürətdə bağlantı alınmır, qırılmalar baş verir, pik saatlarında bağlantı öləzimiş olur. İnternetin nəzərdə tutulan sürətdə olması, bütün hallarda, xidməti göstərənlərin vəzifəsidir. 
Amma biz özümüz də nələrsə edə bilərikmi?  

Toplum.Tv olaraq, İCT mütəxəssisi Sərxan Adıgözəlovla bu məsələ ilə bağlı tez-tez ağıla gələn suallara cavab axtarmağa çalışdıq. 

- ADSL bağlantısı üçün istifadə edilən modem necə olmalıdır? Bizim Azərbaycan şəbəkəsində hansı modemlər özünü doğruldur? Yoxsa hamısımı yaxşıdır? Çünki bəzən ATS və ya internet provayderlər bəlli markadan olan modemləri almağı məsləhət görürlər. Bu öyüdlərin əsası varmı, yoxsa hansısa modemi satmaq üçündür? Ümumiyyətlə, hansı modemi almaq yaxşıdır - həm maddi, həm də texnoloji cəhətdən?

- Azərbaycan bazarında əsasən "Tp-Link" modemlər yayğındır. Bunun səbəbi isə modem tənzimləmələrinin  daha bəsit və funksional olmasıdır. Üstəlik, onların qiyməti də ucuzdur. Amma bu, digər modemlərin işə yaramadığı anlamına gəlmir. Nəzərə alsaq ki, Azərbaycanda satılan "Tp-Link" ADSL  modemlərin satış dəyəri 20 manatdan başlayır, demək,  bu modemlərin yüksək keyfiyyətindın də söhbət gedə bilməz.  Modemlər aşağıdakı kriteriyalara görə seçilir. Birincisi, daha uzaq məsafədən internet ötürməsinə görə. İkincisi, daha sürətli interner ötürməsinə görə. Üçüncüsü,  daha az kəsinti  ilə internet ötürməsinə görə. Nəhayət, haker hücumlarından daha yaxşı qorunmasına görə. Bu kriteriyalara daha çox uyğun gələn modemlərin qiyməti 300-400 AZN-dən başlayır. 
 

- Baha olsa da, daha yaxşı sayılan modemlər hansılardır?

- Belə modemlərə  misal olaraq isə "Zyxel", "Tp-Link Archer", "D-Link" və "Z-Link" modemlərinin bir çox modellərini göstərmək olar. Bu modemlər proqram təminatı və hətta interfeysinə görə də seçilir. İkinci və üçüncü qrup istehsalçılar bu modemlərin görüntü olaraq tam eynisini istehsal etməyə çalışırlar, amma həmin keyfiyyəti ala bilmirlər.

- Modem bəzi evlərdə 24 saat işləyir. Modemin fasiləsiz  işləməsi onun işləmə sürətinə təsir edirmi və ya ömrünü azaldırmı? Modemi soyutmaq lazımdırmı? Modemi söndürməyənlər nədə və nə qədər uduzurlar?

- Yeni nəsil modemlərdə söndürülməyə ehtiyac yoxdur. Buna səbəb isə onların alt və arxa hissələrində temperaturu tənzimləmək üçün dəliklərin-nəfəsliklərin mövcud olmasıdır. Onlar daimi enerji sərfiyyatını tənzimləmək üçün tranzistor və mikrosxemlər ilə təmin edilib. Bütün bunlar modemin fasiləsiz və minimal enerji sərf etməsinə şərait yaradır. Sadəcə, tez -tez baş verən qısaqapanma halları modemə texniki zərər verə bilər. 
Günaşırı modemi elektrikdən ayırmağa gərək yoxdur. Modemin beyni dolduqda (yükləndikdə) proqram təminatı yanan işıq siqnalları vasitəsilə reaksiya verir və 10 dəqiqəlik fasilə vermək üçün "Pover” düyməsindən istifadə etmək kifayətdir. 
 

 
- Xətt ölçüləri nədir? Buna necə nəzarət etmək olar? Ölçdürmək olarmı ki, mənim xəttim nə dərəcədə yaxşıdır? Biz həmişə provayderdən şikayət edirik, amma bu, təkcə onlarınmı günahıdır, yoxsa xətlərin sahibi olan ATS-lərdən də çox şey asılıdır?

- Xətt ölçüləri bizim modemimizin provayderdən alıb, bizim telefon və ya kompüterimizə ötürdüyü sürətdir.  Kb (kilobit) və Mb  (megabit) olaraq ölçülür. Bu sürətə nəzarət etmək üçün müəyyən saytlar vardır. 
Sürətin nə dərəcə olması əsasən provayderin verdiyi sürətdən, sizin seçdiyiniz internet paketindən asılıdır. Təbii olaraq telefon xətti ilə, yəni xalq dilində desək ATS dən çəkilmiş kabellərdən də asılıdır. ADSL  internet bağlantısını reallaşdıran adi telefon xətləridir, təbii ki, onların ötürmə gücü optik xətlərdən qat-qat zəifdir. Bağlantının arzuedilən olması modemin yerindən, modemin keyfiyyətindən, qoyulduğu nöqtə və məsafəsindən, provayderin işindən və s. amillərdən asılıdır. Amma xətlərin durumu da yoxlanılmalıdır. Problem varsa, bütün digər səbəblərlə yanaşı, xətlərin durumu da test edilməlidir. 

- Modemi evdə harada yerləşdirmək daha yaxşıdır? Neçə divar keçidi onun sürətini çox zəiflədir? 

- Modemlərin daha yaxşı sürət ötürməsi üçün yüksək və pəncərə kənarı nöqtədə olması məsləhətdir. Əlavə olaraq modemin keyfiyyəti və antena sayı da rol oynayır. Əgər divar həddən artıq qalın və məsafə uzaqdırsa, bu halda Router Modem vasitəsi ilə xətt paylanılması məsləhətdir. Keçid divarları az olmalıdır. 
 

- Modemləri müdaxilələrdən – ətrafdakılardan və qərəzli insanlardan necə qorumalıyıq? Parolu necə olmalıdır? Qorunma üçün hansı protokollar seçilməlidir?

- Bu, əsasən  modemin texniki və proqram təminatının keyfiyyətindən asılıdır. Ucuz modemlərdə bu daha zəifdir. Mövcud wps, wpa, wpa2 protokolları içindən əsasən wpa2  təhlükəsizllik üsulu seçilməli və  wifi adı gizlədilməlidir.

Söhbətləşdi: Mircahan Rəcəbli