10:10, 25 Mart 2020 (Çərşənbə) 1183

Evdə qalsaq, ailəmizi necə dolandıraq?

Evdə qalsaq, ailəmizi necə dolandıraq?
Koronavirusa yoluxma halını azaltmaq, təhlükəsizliyi təmin etmək üçün ölkədə karantin rejim elan olunub. 

Bu səbəbdən ölkədaxili və xarici hərəkət, 10 nəfərdən artıq qrupla gəzmək qadağan edilib. Yoluxma halını minimuma endirmək üçün iri ticarət mərkəzləri (Mall, Sədərək ticarət mərkəzi), təhsil müəssisələri bağlanıb, digər ticarət və iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Virusdan ölmə ən çox yaşlı nəsildə müşahidə olunduğundan yaşı 65-dən yuxarı insanların çölə çıxmasına qadağa qoyulub.

Bəs karantin rejimində insanların ən çox narazı qaldığı vəziyyət nədir?

Virus hava-damcı yolu ilə yayıldığından yoluxma ən çox ünsiyyət zamanı müşahidə olunur. Bu günlərdə təhlükəni azaltmaq üçün mediada "evdəqal” həştaqı ilə yazılar paylaşılıb.  Həmçinin bu sosial aksiyaya bir sıra dövlət orqanları da qoşulub: tədbirlər çərçivəsində paytaxt yollarındakı elektron məlumat tabloları və monitorlarda #evdəqal və #bizbirlikdəgüclüyük həştəqi ilə yazılar yer alıb.

Amma bu həştaq adı altında paylaşılan fikirlərə münasibət birmənalı olmayıb.

Fikirlərin ziddiyyətli olmasının səbəbi yaşayış ehtiyaclarından doğub. Hazırda Azərbaycanda minimum əməkhaqqı 250 manatdır.  Deyirlər ki, karantin rejim elan olunduqdan sonra iş mühiti zəifləyib, insanların ehtiyacları artıb. 

Bəziləri "evdə qal" deyərkən, bəziləri də ”evdə qalsam ailəmi necə dolandırım” fikrini müdafiə edib.

 İqtisadiyyat naziri Mikayıl Cabbarov isə işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb: "Əks təqdirdə, hökumət həmin  sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək”. 


İqtisadçı ekspert Natiq Cəfərli feysbuk hesabında bu fikrə belə münasibət bildirib: "Tutalım mən iş adamıyam, kafe-restoran işlədirəm, hökumət mənə işləməyi rəsmən qadağan edib, iş adamı olaraq bunu anlayışla qarşılamaq olar: virus ciddi məsələdir, tədbirlər görülməlidir”.


İqtisadçı karantin rejmində sahibkarın düşəcəyi vəziyyəti mübahisələndirir: "Məsələn, işəgötürənin 10 işçisi var: hamısına ya günəmuzd, ya da aylıq maaş verir, bu vəsaitin mənbəyi isə etdiyi alverdir. Obyekt qapandığı, ya 3 saat işlədiyi müddətdə kafeyə müştəri az gəlir, ya da heç gəlmir. Pul qazanmaq  mümkün deyilsə, işçilərə necə maaş verməli?!”

İqtisadçı həmçinin vəziyyətdən necə çıxmağa dair təkilflər irəli sürüb: "İnsanlara "evdə qal” çağırışı edən hökumət evdə qalan insanın daha çox elektrik, qaz, su istifadə etdiyini də anlamalıdır”.

Hökumət 4 işçi qrup yaradıb təkliflər hazırlayır, ən böyük problemlərdən biri də kommunal xərclərdir.

N.Cəfərli çox sadə addımlarla məsələnin həll olunacağını bildirib.

Onun  təklifinə əsasən, qaz və elektrik istifadəsinə qoyulan biabırçı limit ləğv edilməlidir.  

"İlkin olaraq yaxın 3 ay müddətinə qaz, su və elektrik kartları üçün ödəmə sistemlərində (aparatlarda) olan yazılım 1 günə dəyişdirilə bilər, vətəndaşın ödədiyi hər bir məbləğ karta ikiqat yüklənə bilər. Məsələn, 10 manat karta yüklənəndə bu, 20 manat, 20 manat ödədikdə 40 manat və s. şəklində bu işi çözmək mümkündür”, - deyə iqtisadçı bildirib.

Sosioloq Əhməd Qəşəmoğlu da mövzu ilə bağlı Toplum.tv-yə danışıb.


Sosioloq müəllim, həkim və digər dövlət işçilərinin vəziyyətinin daha qənaətbəxş olduğunu bildirib: onlar iş dayansa belə, maaşlarını alacaq: "Azərbaycanda əhalinin çox hissəsi dövlət büdcəsindən maaş almır. Bu insanlar bankdan kredit götürüb iş qurublar. İşdən gələn qazancın bir hissəsi krediti ödəməyə gedir, bir hissəsi icarə haqqı, yaşam və digər xərclərə. Nəzərə alanda ki, belə iş quranların əksəriyyəti rayonlardan gələnlərdir, çox halda onlar kirayə mənzillərdə məskunlaşırlar. Bu zaman xərclər ailəni dolandırmaq, krediti, kirayə haqqını ödəməyə və s. çıxır. Hazırda karantin şəraitində onların halı heç də ürəkaçan görünmür”.

Onun sözlərinə görə, ciddi düşünməyə böyük ehtiyac var: "Çıxış yolu kimi banklara borcu olanların aylıq ödənişi müvvəqəti dondurulmalıdır. Daha sonra icarəverən sahibkarlar haqlarını azalda və ya icarə pulunu müvvəqəti dayandıra bilərlər.

Yaşayış vəziyyəti ağır olan adamlar(ailələr) müəyyən edilməli və onların statusu sənədlə təsdiq edilməlidir: həqiqətən də, bu insanın əlavə gəlir yeri yoxdur. Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondu yaşayış şəraiti ağır ailələrə kömək etməlidir. İnsanlar müəyyən icmalarda quruplaşıb fond yarada bilər, beləcə vəziyyətdən çıxmaq daha asan olur. Bilirsiniz, belə hallarda mexanizm elə qurulmalıdır ki, dövlət də insanlar da müəyyən bir məqsəddə, mənafedə birləşə bilsin. Məhz bu zaman çətin vəziyyətdən çıxmaq mümkün olar”.
 
Roza Məmmədova