21:05, 14 Oktyabr 2020 (Çərşənbə) 161

Fermer: “Mən gübrəni niyə qanunsuz yolla əldə etməliyəm ki?”- Nazirliyin sözçüsü: “Gübrə bazarı sərbəstdir”

Fermer: “Mən gübrəni niyə qanunsuz yolla əldə etməliyəm ki?”-  Nazirliyin sözçüsü: “Gübrə bazarı sərbəstdir”
"Bu il, demək olar ki, üzümdən heç xeyir götürmədim”. 

Salyan rayonundan olan fermer İrəddin Abbasov "Toplum TV”yə bu il qarşılaşdığı problemlərdən danışarkən belə deyir.
O, tək deyil, başqa fermerlər də 2020-ci ildə pandemiyanın kənd təsərrüfatına böyük ziyan vurduğunu bildirirlər. 
İrəddin Abbasovun sözlərinə görə, üzüm bağları bu il yaxşı məhsul versə də, qazanc götürə bilməyib: "Keçən il manat yarım, 1 manata olan məhsul, bu il 30-40 qəpik oldu. Üzüm bu il bol idi, amma  xaricə çıxara bilmədik. Çünki ixrac olunmasa, belə şəraitdə üzümdən xeyir götürmək olmur. Burda elə adamlar tanıyıram ki, heç sahələrinə əl vurmayıblar, məhsullarını sata bilməyiblər. 5-10 tonluq məhsulu su qiymətinə veriblər. Yəni heç dərmana xərclədikləri pulu qazana bilməyiblər”.

"Bu il taxılın, buğdanın, yoncanın qiyməti yaxşıdır, amma...”

Dənli bitkilər əkən və meyvəçiliklə məşğul olan fermer Musa Qəmbərov danışır ki, taxıl və buğdanın məhsuldarlığı da, satışı da yaxşıdır, amma meyvəçilikdə bir sıra problemlər ortaya çıxıb: "Buğda 30-40 sentner, arpa isə 27-30 sentner oldu. Yonca 5 biçin idi, birinciyə 350-400 pres (bağlama) məhsul götürmüşük. Üzüm bu il çox bol oldu, amma pula getmir, sata bilmirik. Narın da məhsuldarlığı yaxşıdır, amma onu da çox ucuz götürürlər. Tutaq ki, keçən il camaat narı 80 qəpiyə alırdısa, indi 30 qəpiyə alan yoxdur. Heyva da 25-30 qəpiyə güclə satılır”. 

"Bu il 5 dəfədən çox zərərə düşdük”

Masallı rayondan olan fermer Kərim Kərimli "COVİD-19”la bağlı karantinə görə bu il 5 dəfədən çox zərərə düşdüyünü qeyd edir: "Gediş-gəliş  bir az çətinləşdi, 4-5 manata satmalı olduğumuz məhsulu 80 qəpiyə verdik. Çiyələk pis satıldı, çimərliklər bağlı oldu deyə qarğıdalının da qiyməti aşağı düşdü. Biz 7 hektar ərazidə təxminən 15 min manat zərər etdik”. 
 

Pandemiyaya görə məhdudiyyətlərin aradan qaldırılması, sərhədlərin açılması isə hələlik mümkün görünmür. 
 
Çünki Azərbaycanın özündə də, qonşu ölkələrdə də koronavirusa yoluxma halları sürətlə artmaqdadır.
 
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev bildirir ki, pandemiya fermerlərin tək ümidi olan idxalı məhdudlaşdırıb: "Bütün sərhədlər bağlandı. Yalnız ölkəyə gələn və çıxan yük maşınlarına icazə verilirdi, amma yenə də böyük çətinliklər var. Məsələn, biz Serbiyadan qarğıdalı toxumu gətirirdik. Serblərin ölkəyə daxil olması üçün uzun müddət viza verilmədi. Hətta 10 gün gömrük möhürü vurulmuş maşından da toxumları götürə bilmədik. Sonda biz müəyyən yerlərlə əlaqə saxladıq, Sahibkarlığın İnkişafına Dəstək Fondu vasitəsilə nazirliyə çıxdıq, ondan sonra problem həllini tapdı”.
 
Fermer: "12 manata olan gübrə indi 39 manatadır” 
 
Fermer Kərim Kərimli isə qarşılaşdığı problemlərin səbəbini tək pandemiyada yox, həm də dövlət tərəfindən lazımi dəstəyinin olmamasında görür. K.Kərimli deyir ki, ilk növbədə bazarda tənzimləmələr düzgün aparılmır, dövlətin ayırdığı dotasiya "çox azdır və hətta gülməlidir”, eləcə də gübrə bahalanmaqdadır: 
"Hökumət bizə hər hektar üçün 300 manat pul ayrıb. Onun 25 faizini nağd götürmək olur, qalan 75 faizinə isə gübrə və ya toxum almaq olur. Bu il isə gübrənin qiyməti kəskin qalxdı. Məsələn, ammonium-nitratı keçən il 8-10 manata alırdıq, indi qiymət dəfələrlə qalxıb. 12 manata nitroamafosfan alırdıq, amma indi 38-39 manat olub. Gübrələrin bazara çıxarılmasının da qarşısı alınıb”.
 
Fermer gübrəyə limit qoyulduğunu da bildirir: "Hər bitkinin özünün gübrə ehtiyacı var. Məsələn, mənə hektar yarım əraziyə cəmi 8 kisə gübrə verdilər, 225 manat kartımdan silindi, 80 manat da nağd aldılar. Bu qədər gübrə mənə, təbii ki, bəs etmədi. Bəs mən qalan gübrəni hardan almalıyam? Əvvəl karbamid zavodu yox idi, qiymətlər belə baha deyildi, amma bu zavod tikiləndən sonra gübrə satışı mərkəzləşdirildi. Məsələn, mən yoncaya hər biçində 200-250 kq nitroammosofka verirəm. Bu da 5 biçində 1250 kq edir. Amma hektar yarıma 8 kisə çatmır axı. Bu da məhsula çox ciddi təsir edir, həm maliyyə baxımından, həm də məhsuldarlıq baxımından.

Qara bazarda var, bəzi fermerlər ordan alırlar, amma mən niyə qanunsuz yolla o gübrələri əldə etməliyəm ki? Niyə dövlət mənə şərait yaratmır?” 
K.Kərimli bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdiyini, amma ona cavab verilmədiyini deyir. 

"Bir nömrəli problem sudur”

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev də pandemiyanın meyvələrin qiymətinə  təsir etdiyini, dənli bitkilərdə isə su probleminin məhsuldarlığı aşağı saldığını bildirir: "Bir nömrəli problem sudur. Pandemiyaya görə insanlar işləməyə qorxurdular. Məsələn, suçuları misal göstərə bilərəm. Sahələr vaxtında suvarılmadı və 100 minlərlə hektar taxıl sahələrinin susuz qalmasının bir səbəbi də bu oldu. Nəticədə fermerlər zərərə düşdü. Digər tərəfdən, bu il yağıntı çox az oldu və Mingəçevir su anbarında ehtiyat azaldı. Kür, Araz kimi çaylarda suyun səviyyəsi düşdü, bu da məhsuldarlığa çox ciddi təsir göstərdi. Ona görə də bizim artıq xaricdən asılılığımız artır. Bu da milyonlarla dollar vəsaitin büdcədən çıxmasına səbəb olacaq”. 
Assosaiya sədrinin söylədiyinə görə, artıq problem dövət səviyyəsində yoluna qoyulur, su ehtiyatları yaradılır, sahələrə beton örtüklü arxlar çəkilir. O hesab edir ki, bu problem yalnız dövlət səviyyəsində tədbirlər görülərsə aradan qalxacaq, əks təqdirdə hər şey təkrarlanacaq. 

ASC: "Dağ çaylarında anbarlar tikiləcək”

"Toplum TV” Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifovla əlaqə saxlayıb. O, 2020-2022-ci illər üçün nəzərdə tutulan tədbirlər planının indiki problemləri  azalacağını bildirib: "Susuzluq problemi varsa, bu o demək deyil ki, bu sahədə kifayət qədər işlər görülməyib. Bizdə 70 faiz su transsərhəd çaylarının, yəni kənar çayların hesabına formalaşır, qalanı - cəmi 30 faizi daxildə formalaşır. Kənardan su daxil olmursa, biz hansı işləri görürsək-görək, ümumi vəziyyətə mənfi təsir edir. Kürdə, Arazda suyun azalması o demək deyil ki, bu günə qədər heç bir iş görülmədiyi üçün su qıtlığı yaranıb”. 
D.Şərifov quraqlıqla mübarizə çərçivsəində dağ çaylarında su anbarlarının tikiləcəyini, beton arxların çəkiləcəyini qeyd edir. Onun sözləfinə görə, bu tədbirlər ölkənin susuzluq problemini azaldacaq və təbiətdən asılılıq minimuma enəcək.

Kənd Təsərrüfatı Nazirliyi: "Gübrə bazarı sərbəstdir”

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov "Toplum TV”yə bildirir ki, gübrənin qiymətində artım yoxdur, sadəcə, bu il sistemdə bəzi yeniliklər tətbiq edildiyindən fermerlərdə çaşqınlıq yaranıb: "2020-ci ildən subsidiyalar elektron formada verilməyə başladı. Əvvəl belə idi: gübrənin 70%-nin qiymətini dövlət, geridə qalan hissəsini isə fermer özü ödəyirdi. Məsələn, dövlət 50 manatlıq gübrənin 35 manatını şirkətin hesabına ödəyirdi, yerdə qalan 15 manatı vətəndaş verirdi. Yeni qaydaya əsasən, əvvəl fermerə ödənilən məbləğ indi subsidiya şəklində, fermerin özünə ödənir. Məsələn, əvvəl taxıla görə 90 manat subsidiya verilirdisə, indi bu rəqəm 200 manatdır”.



Onun sözlərinə görə, dövlət artıq əvvəlki kimi prosesdə vasitəçi deyil, indi fermer öz gübrəsini özü alır, üstəlik də dövlət fermerə tətbiq etdiyi güzəştlə bağlı limit qoyub.
 
Vüqar Hüseynov bütün bunların qanunvericilkdə öz əksini tapdığını deyir: "Dövlət bir hektara 8 kisə gübrə verir, yəni 150 manata qədər alınan məhsula güzəşt olunur, ondan sonrası üçün 70 faizlik limit yoxdur”.
 
"ToplumTV”yə danışan fermerlərdən bəziləri hər həyətdə soyuducu quraşdırılması təklifi ilə çıxış edirlər. Onlar hesab edir ki, bu halda məhsullarını dəyər-jdəyməzə satmaz, uzun müddət saxlaya və münasib qiymətə sata bilərlər. Nazirliyin sözçüsü isə deyir ki, 2019-cu ildən soyuducular dövlət güzəşti tətbiq edilən avadanlıqlar siyahısına daxil edilib.
 
"Məsələn, bir soyuducunun quraşdırılmasına 100 min manat sərf olunursa, bunun 40000 manatını dövlət qarşılayır”.
O ki qaldı meyvələrin ixracına nazirliyin kömək götərməsinə, V.Hüseynov deyir ki, pandemiya dövründə, konkret olaraq mart ayından Kənd Təsərrüfatı Nazirliyi istər ölkə daxilində, istər ölkə xaricinə kənd təsərrüfatı məhsullarının sərbəst daşınmasını təşkil edir.

O bildirir ki, pandemiya dövründə  fermerlər fasiləsiz olaraq xaricə məhsul ixrac edirlər.
"Azərbaycan məhsulları daha çox Rusiya, Ukrayna bazarlarına daşındığından bu ölkələrdə də karantin olması alıcılıq qalbiliyyətinin aşağı düşməsinə səbəb olub”.

Bununla belə, V.Hüseynov ishtehsalın həcmində müəyyən azalmalar olduğunu istisna etmir. Onun sözlərinə görə, prosesdə ləngimə yoxdur, meyvəçilklə ixtisaslaşan rayonlarda yığım öz qaydasında davam edir: "Bu dəqiqə soyuducularda artıq qalmış mal yoxdur, çünki ixracda fasilə olmayıb”.
V.Hüseynov həmçinin əlavə edir ki, fermer elektron qeydiyyatdan keçdikdən sonra sərbəst şəkildə və fasiləsiz olaraq öz məhsullarını xaricə daşıya bilər.
 
Şəhla Abbas