17:12, 16 Noyabr 2020 (Bazar ertəsi) 447

Fəzail Ağamalı: "Sülhməramlıların müdaxilə etmək səlahiyyəti yoxdur"

Fəzail Ağamalı:
Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmaya əsasən, ermənilər dekabrın 1-nə qədər Kəlbəcəri, Ağdamı və Laçını tərk etməlidir. 

Ermənilərin Kəlbəcəri tərk etməzdən öncə törətdikləri ekoloji terror son günlər istər beynəlxalq, istərsə də dünya mediasının gündəmindən düşmür. 

Onların gedərkən evləri və meşələri yandırdıqları, tarixi abidələri özləri  ilə apardıqlarının görüntüləri yayılıb. 

"Bu məsələ bizə ermənilərin beynəlxalq səviyyədə ifşa olunmasında əlavə arqumentlər yaratdı. Çünki ermənilərin Kəlbəcərdə törətdikləri ekoloji terror beynəlxalq konvensiyalara tamamilə ziddir. Azərbaycanın rəsmi qurumları tərəfindən sözügedən faktlarla bağlı addımlar atılır və bir çox sahələrdə ciyanət işi açıldığı kimi bu məsələ ilə bağlı da gərəkli addımlar atılacaq".

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Toplum.Tv-yə deyib.  

Rusiya sülhməramlılarının baş verənlərə müdaxilə etməməsi haqda suala isə deputat "onların belə öhdəliyi yoxdur” cavabını verib: "Əslində sülhməramlıların fəaliyyəti BMT-nin təməl prinsipləri əsasında nizamlanır. Bunlar münaqişə edən tərəflər arasında münaqişəyə imkan verməmək, hər hansı bir silahlı insident baş verərsə onun qarşısını almaq və özünə qarşı bu və ya digər formada hücum olarsa ona adekvat cavab vermək kimi prinsiplərdir. Beynəlxalq hüquq normalarına görə sülhməramlıların bu məsələyə birbaşa müdaxilə etmək və onun qarşısını almaq səlahiyyəti yoxdur. Biz istəsək də, istəməsək də bu belədir. Ermənilər də bundan istifadə edərək bu vəhşilikləri tördədirlər”.
 


Deputatdan fərqli olaraq "Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyinin sədri Rəsul Cəfərov məsələnin beynəlxalq hüquqla tənzimləndiyini bildirir:"Kəlbəcər beynəlxalq hüquq normalarına görə Azərbaycanın tərkib hissəsidir və Azərbaycan dövlətinin o ərazilər üzərində suveren hüquqları var. Bu səbəbdən də həmin yerlərdə törədilən istənilən qanuna zidd addıma görə günahkarlar məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfi daxili qanunvericiliklə bu məsələni tənzimləyərək buradakı inzibati xətalarla bağlı cinayət işi aça və həmin pozuntuları törətmiş şəxləri məsuliyyətə cəlb edə bilər. Nə qədər effektiv olacağı qeyri-müəyyən məsələdir, çünki həmin şəxslər qeyd olunan ərazilərdə artıq olmayacaqlar. Lakin sırf hüquqi əhəmiyyət baxımından bu addımın atılması çox vacibdir”. 

Hüquq müdafiəçisi həmin ərazilərdə işğala qədər mülkiyyət sahibi olan Azərbaycan vətandaşları ilə bağlı addım atılmasının mümkünlüyünü də qeyd edir: "Vətəndaşlarımıza dəyən zərərlər müəyyənləşdirilərək Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilməlidir. Avropa İnsan Haqları Konvensiyasına sonradan mülkiyyət hüququ ilə bağlı əlavə protokollar daxil edilib. Azərbaycan və Ermənistan isə 2001-ci ildə həmin protokolları qəbul edib. Buna görə də Azərbaycan vətəndaşları hüquqların pozulması iddiası ilə Avropa Məhkəməsində Ermənistana qarşı çıxış edə bilər”. 

R.Cəfərovun sözlərinə görə, meşələrin yandırılması ilə bağlı da beynəlxalq humanitar hüquq işə düşür: "Beynəlxalq humanitar hüququn əsasını təşkil edən bir neçə Cenevrə Konvensiyasında ekologiyanın korlanması haqqında müddəalar yer alıb. Yeri gəlmişkən, Azərbaycan və Ermənistan bu konvensiyanı da ratifikasiya edib. Nəticə etibarilə bu məsələlər beynəlxalq təşkilatlar qarşısında beynəlxalq humanitar hüququn pozulması kimi qaldırıla bilər”.
 


Vəkil Fariz Namazlı Azərbaycanın tarixi abidələrin məhv edilməsi və ətraf mühitin korlanması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qurumlarına müraciət edə biləcəyini söyləyir: "Ermənistan həmin qurumlara dövrü hesabatlar təqdim edərkən Azərbaycan da alternativ hesabatlar təqdim edə bilər. Təbii ki, BMT qurumlarının qəbul etdiyi hesabatlar, qaydalar məcburi xarakter daşımır, bununla bağlı Ermənistanı nəyəsə məcbur etmək çətindir. Eyni zamanda Azərbaycan Avropa Məhkəməsinə Konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə bağlı dövlətlərarası müraciət edə olar. Sadəcə məhkəmə təcrübəsində buna oxşar presedent olmayıb deyə, bu tip şikayətin perspektivli olub-olmamasını indidən söyləmək çətindir”.

Hüquqşünas sülhməramlıların hazırda sərgilədiyi mövqe haqqında isə deyir ki, onlar təhkim olunduqları ərazidə təhlükəsizliyin və sülhün qorunması ilə məşğuldurlar deyə, ətraf mühitin korlanmasına qarşı hər hansı addım ata bilmirlər. 
 


Hüquqşünas Ələsgər Əhmədoğlu Kəlbəcərdə törədilən yanğınların birmənalı olaraq cinayət əməli olduğunu vurğulayır: "Bu, Azərbaycan xalqının, özəlliklə kəlbəcərlilərin şəxsi əmlakına qəsdən zərər verməkdir. İndiki halda Baş Prokurorluq cinayət işi açmalı, eyni zamanda Xarici İşlər Nazirliyi Rusiya tərəfinə sülhməramlıların öhdəliyi ilə bağlı nota verməlidir. Əgər biz qeyd olunan tarixə qədər oraya daxil olmamalıyıqsa, onlar da qanunauyğun şəkildə davranaraq oradakı problemləri hüquqi çərçivədə həll etməlidirlər”. 

Hüquqşünas deyir ki, Azərbaycan ərazisində Azərbaycan xalqının ümumi mülkü sayılan meşələrə və digər ərazilərə qəsdən zərər vermək anlaşmaya ziddir və əlavə edir ki, özəlliklə meşə və tarixi abidələrin yandırılması ilə bağlı beynəlxalq səviyyədə məhkəməyə müraciət edilə bilər. 
 


Hüquqşünas Yalçın İmanovun fikrincə, bəyanatda yer alan təhlükəsizliyin təmin olunması ilə bağlı  müddəanın bu ərazilərə vurulan zərərləri də ehtiva etdiyini söyləmək çətindir: "Sülhməramlıların əsas missiyası sülhü təmin etməkdən ibarətdir. Düşünürəm ki, burada əsas hüquqi proseduru başlamaq və davam etdirmək əsasən Azərbaycan dövlətinin üzərinə düşür. Kəlbəcərdə Azərbaycanın ətraf mühitinə və tərbii sərvətlərinə, eyni zamanda Azərbaycan dövlətinə məxsus mülkiyyətə ciddi ziyan vurulub. Biz bu faktları toplayaraq Ermənistan dövlətinə qarşı beynəlxalq məhkəmələrdə mülkiyyət hüququnun pozulması ilə bağlı iddia qaldırmalıyıq. Bunun da ən effektiv mexanizmi Avropa İnsan Hüquqları Məhkəməsidir”. 

Ekspertlərin fikirlərindən ortaya çıxan odur ki, ermənilərin imzalanan üçtərəfli bəyanata əsasən tərk etməli olduqları ərazilərdə beynəlxalq konvesiyalara zidd olaraq törətdikləri hərəkətlərin hüquqi çərçivədə dəyərləndirilməsi və gərəkli tədbirlərin görülməsi Azərbaycan dövlətinin atacağı  addımlardan asılıdır. 

Müharibənin dayandırılması ilə bağlı üçtərəfli bəyanata əsasən ermənilər Kəlbəcəri noyabrın 15-də tərk etməli olsalar da, həmin müddət daha 10 gün – noyabrın 25-dək uzadılıb.
 
Nigar Səmədli