23:27, 24 İyun 2020 (Çərşənbə) 383

“Fu Məzi” yazan fəalın təcridxanada döyüldüyü bildirilir

“Fu Məzi” yazan fəalın təcridxanada döyüldüyü bildirilir
Mərkəzi Seçki Komissiyasının qarşısındakı divara "Fu Məzi” yazan gənc fəal Fuad İsmayılov şiddətə məruz qaldığını deyib. 

Bu barədə Toplum tv-yə deputatlığa namizəd olmuş Fikrət Cəfərli məlumat verib. Fuad İsmayılov 9 fevral 2020-ci il seçkilərində onun nümayəndəsi olub. 

Fikrət Cəfərli deyir ki, Fuad İsmayılovla uzun müddət əlaqə saxlamaq mümkün olmayıb: "Uzun müddət əlaqə saxlanmayandan sonra da anası həbsxanaya zəng edib ki, bəs mənim oğlumun dirisindən, ölüsündən xəbər verin. Ondan sonra Fuadla əlaqə saxlaya bilib. Fuad anası ilə danışanda deyib ki, burda məni polislər döyür, işgəncələr verirlər, vəkillərim təcili gəlsin. Bazar günü axşam da onu çox döyüblər. Biz vəkillərindən də xahiş etdik ki, maraqlansınlar”.

Fikrət Cəfərlinin sözlərinə görə Fuad İsmayılov sifarişlə döyülür: "Anasının dediyindən belə başa düşdüm ki, məsələ saxlandığı yerlə bağlı deyil, kənardan sifariş olunub deyə ona işgəncə verirlər”. 

Fikrət Cəfərli həmçinin vurğulayıb ki, vəkillər apelyasiya məhkəməsindən sonra onunla görüşməyiblər.

Fuad İsmayılovun vəkili Cavad Cavadov isə deyib ki, hazırda Bakıda olmadığı üçün əlaqə saxlaya bilmir. Vəkil onunla həftəsonu görüşə biləcəyini bildirib. 

Gənc fəala olunan işgənələrlə bağlı sosial şəbəkələrdə də yazırlar: "Ailəsi Fuada görə çox narahatdı. Fuad mütəmadi olaraq hər həftə evlə əlaqə saxlayırdı. Həmişə zəng vurduğu nömrəyə isə cavab verən yoxdur. Fuad İsmayılov təqribən 10 gündən çox ailəsi ilə əlaqə saxlamayıb. Nəhayət, onlarla danışdıqda isə içəridə incidildiyini və bazar günü polislər tərəfindən səhərə qədər döyüldüyünü deyib.

Ağzını, burnunu partladıblar. Qan içində qalana qədər döyüblər”.

Daxili İşlər Nazirliyi isə Fuad İsmayılovun döyülməsi barədə məlumatları təkzib edib. 

Parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səshüquqlu komissiya üzvü təyin edilmişdi.

Seçkilərdən sonra etiraz olaraq MSK-nın önündü "Fu Məzi” yazan fəal artıq iki dəfə həbs olunub. 

O, ilk dəfə martın 7-də Suraxanı Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə (şəxsi istehlak miqdarında narkotik saxlama) 60 günlük həbs edilib.

Mayın 7-si azadlığa çıxan Fuad İsmayılov mayın 22-də yenidən eyni maddə ilə ittaham olunub.

Vəkillərin və hüquq müdafiəçilərin sözlərinə görə, Faud İsmayılovun hər iki həbs ittihamı əsassızdır. 

Arzu Çinarlı