16:25, 21 Oktyabr 2020 (Çərşənbə) 106

Fuad Çıraqov: "Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü öz əlində saxlamağa çalışır”

Fuad Çıraqov:
Oktyabrın 21-də Ceyhun Bayramov məsləhətləşmələr aparmaq üçün Moskvaya səfər edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.

Bundan əvvəl bildirilmişdi ki, nazir ATƏT-in Minsk qrupunun həmsədrləri və dövlət katibi Mayk Pompeo ilə oktyabrın 23-də görüşəcək. 

Ceyhun Bayramovun  Moskvaya səfərini şərh edən politoloq Fuad Çıraqovun fikrincə, Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü öz əlində saxlamağa çalışır və göstərmək istəyir ki, əsas ölkə Rusiyanın özüdür:
"Bundan əvvəlki Moskva görüşü də əvvəlcədən planlaşdırılmamışdı. Bir gün ərzində Rusiyanın baş naziri həmin təşəbbüslə çıxış etmişdi, Azərbaycan da bu görüşdə iştirak etdi. Tarixən də bu münaqişənin danışıqlar prosesində Rusiya əsas rol oynayıb. Ümumiyyətlə, region ölkələrinə ən böyük təsir gücünə malik olan da bu ölkədir".

Politoloqun sözlərinə görə, Vaşinqtonda görüşə 2 gün qalmış Ceyhun Bayramovla Moskvada görüş keçirən Rusiya hər vəchlə həlledici mövqeyi öz əlində saxlamağa cəhd edir. 
 

Bəs bu görüşlərdən bir nəticə hasil olacaqmı?


"Bu, ilk növbədə nə Rusiyadan, nə də ABŞ-dan asılı olacaq. Nəticə Ermənistanın tutacağı mövqeyə bağlıdır. Azərbaycanın isə konkret, dəqiq, aydın tələbi var. Ermənistanın  silahlı qüvvələri Azərbaycanın ərazisindən qeyd-şərtsiz çıxarılmalıdır", - politoloq belə deyib. 
Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva  "Toplum TV”-yə bildirib ki, nazir Rusiya tərəfilə məsləhətləşmək üçün Moskvaya səfər edib: "Məsələ ilə bağlı ictimaiyyətə çatdırılmalı detallar olacaqsa, yayımlayacağıq".
Aytac Məmmədova