17:20, 07 Dekabr 2019 (Şənbə) 446

''Gəlib keçən hamı baxır, soruşur, amma alanlar elə də çox deyil'' - Fotoreportaj

''Gəlib keçən hamı baxır, soruşur, amma alanlar elə də çox deyil'' - Fotoreportaj
Dekabrın 1-də Bakının Fəvvarələr meydanında ''Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası fəaliyyətə başlayıb.

Tədbir "Nargis Fund” tərəfindən həyata keçirilir.

Xeyriyyə yarmarkası kiçik taxta evlərdə təşkil edilib. 

Burada hər kəs Yeni il hədiyyələri, suvenirlər, geyimlər və s. əldə edə, kiçik kafelərdə çay, kofe, eləcə də digər isti və ya soyuq içkilərdən içə, müxtəlif təamlardan dada bilər.

Bəs "qiymətlər” necədir?

3 manatdan 65 manata kimi Yeni il hədiyyələri, 5 manata qadın, 7 manata kişi corabları, 13 manata hədiyyəlik fincanlar, 2 manatdan başlayan isti içkilər və s. 

Satıcılar nə deyir?

''Adamlar çoxdur, lakin alıcılıq qabiliyyətləri çox aşağıdır. Gəlib keçən hamı baxır, soruşur, amma alanlar elə də çox deyil'', – yarmarka satıcılarından biri deyir.

Digər bir satıcı isə gündüz vaxtı insanların küçədə çox olmaması səbəbi ilə az satış etdiyini, yalnız axşam vaxtı çox alıcı olduğunu bildirib.

''Alıcıları qiymətlər qane edirmi? 

55 yaşlı Sevda Babayeva Toplum.Tv-yə deyir ki, yeməklər cibə uyğun olsa da, hədiyyəlik əşyalar çox bahadır. Nəvəsinə istədiyi hədiyyəni ala bilməməsi onu kədərləndirdiyini qeyd edir. O həmçinin aldığı məvacibin qiymətlərlə uzalaşmadığını da dilə gətirir...

Digər bir vətəndaş Bəhruz Babayev isə qiymətlərdən razı olduğunu dilə gətirir. O, hər il bu yarmarkaya gəldiyini söyləyir: ''Hər il fürsət tapdıqda bura gəlməyə çalışıram. Xüsusilə yarmarkanın xeyriyyə məqsədli olması məni çox sevindirir. Ümumilikdə qiymətlərdən razıyam''.

Yeddinci ildir ki, keçirilən xeyriyyə yarmarkasından toplanan vəsaitin müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf edildiyi açıqlanıb. 

Yarmarka yanvarın 13-dək davam edəcək.

Aygün Şirinova