15:08, 07 Avqust 2020 (Cümə) 565

Həbsdəki jurnalistin aclıq aksiyası keçirdiyi deyilir

Həbsdəki jurnalistin aclıq aksiyası keçirdiyi deyilir
"Xeberman.com” saytının rəhbəri, dövlətə xəyanətdə suçlanan Polad Aslanov-un aclıq aksiyasına başladığı bildirilir. Bu barədə AzadlıqRadiosu-na onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

"Yalnız su qəbul edir"

Həyat yoldaşı deyir ki, P.Aslanov avqustun 5-dən aclıq etməyə başlayıb:

"Yalnız su qəbul edir. Aclıq etməsinin səbəbi isə saxta ittihamla 1 il 2 aydır həbsdə saxlanması, istintaq kimi, məhkəmənin də qərəzli, qeyri-obyektiv aparılmasıdır. DTX agent kimi istifadə etdiyi adamların saxta ifadələrilə bu cinayət işini düzüb-qoşub, məhkəmə də onu notarius kimi təsdiqləmək yolunu tutub. Buna etiraz edir”.

G.Aslanova bildirib ki, həyat yoldaşı aclıq etdiyini onlara avqustun 6-da öz məhkəməsində xəbər verib. Onun sözlərinə görə, ayın 5-də P.Aslanovun evə zəng günü olsa da, əlaqə saxlamayıb:

"Məhkəmədə dedi ki, aclığa görə zəng eləməyə qoymayıblar. Amma bu gün (avqustun 7-də) zəng elədi. Dedi ki, onu bu gün Kürdəxanıya – Bakı İstintaq Təcridxanasına köçürəcəklər. Ora da yalnız su gətirməyimi istədi”.

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunandan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Onun aclıq etməsi barədə həyat yoldaşının söylədiklərinə bu qurumdan münasibət öyrənmək mümkün olmayıb.

Polad Aslanov ötən il iyunun 12-də saxlanıb, 14-də isə Səbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.
 
azadliq.org