11:48, 20 Noyabr 2020 (Cümə) 119

Hərbi hospitalın və Müdafiə Nazirliyinin qarşısından reportaj

Hərbi hospitalın və Müdafiə Nazirliyinin qarşısından reportaj
İtkin düşənlərin yaxınlarına hospitalda, nazirlikdə hansı cavabı verirlər

Mərkəzi Hərbi Klinik Hospitalın qarşısı. Səhər saatları. Gərgin və qayğılı valideynlər, əsgər yaxınları öz övladlarından xəbər almağa, müalicə alanlara baş çəkməyə gəliblər.
 
Səkidə oturan valideynlərdən birinin ağlayaraq dediyi sözləri eşidirik: "Oğlumun gözünün qarası getdi! Gözsüz qaldı. Bəlkə başqa yerdə müalicəyə aparım?!”

Digər valideynlər ona ürək- dirək verərək "Eybi yox, əsas odur sağ-salamatdır” deyə təsəlli verməyə çalışırlar. 

Doğmalarının öldüsündən-qaldısından xəbər almaq istəyənlərsə hospitaldan çıxanlardan xəbər almağa, suallarını verməyə çalışırlar. 

Az sonra hospitalın qarşısı dolur. Adının çəkilməsini istəməyən, özünü hospitalın işçisi kimi təqdim edən ortayaşlı bir kişi itkinləri tapmaq üçün bəzən yaxınlarına DNT analizi verməyi təklif etdiklərini deyir. O, çox danışmır, üzündə narahat bir ifadəylə "Vəziyyət gərgindir” deməklə kifayətlənir. 
Müdafiə Nazirliyinin qəbul şöbəsində də oxşar mənzərənin şahidi olduq. Yağışlı, soyuq hava olmasına baxmayaraq qapının qarsında onlarla insan öz yaxınlarından soraq almaq üçün yığışıblar. Hamı səbrsiz, əsəbidir. Üzlərdə narazılıq, narahatlıq ifadəsi. Elə qapıdan içəri girən kimi etiraz səsləri eşidirik. 

Qəbul otağında isə iki-üç nəfər var. Yaşlı bir kişi həyəcanla oğlunun adını, soyadını, axırıncı dəfə harada olduğunu deyir, nazirlik əməkdaşı bunları dəftərə qeyd edib onu "Allah kömək olsun. İnşallah, tapılar” sözlərilə yola salır. Sırada isə hələ onlarla adam var. 

Axtarışlar sosial şəbəkədə davam edir

Yaxınlarının axtarışında olan insanlar çıxış yolu kimi sosial şəbəkələrə də üz tutublar. Artıq müxtəlif platformalarda qruplar yaradılıb və onların vasitəsilə əsgər və zabitlərin şəkilləri, onlar haqqında informasiyalar paylaşılır. Qrup üzvləri bir-birilərinə kömək edir, azad olunan ərazilərdəki tanışlarından informasiya almağa, ailələrə yardım etməyə çalışırlar. 
 
Bu qrupdan öz yaxınını tapmış istifadəçilərdən biri ilə danışırıq. O deyir ki, əvvəlcə Müdafiə Nazirliyinin qaynar xətti, hərbi hissə ilə əlaqə saxlayıb. Eyni zamanda müxtəlif xəstəxanalara müraciət edib. Xəbər ala bilmədiyi üçün axtardığı şəxsin axırıncı döyüşdüyü ərazidəki  hərbçilərlə soraqlaşıb. Nəhayət, xoş xəbər gəlib, qohumu sağ-salamatdır.
 
"Dağlıq yerdə mobil şəbəkə zəifiymiş. Ona görə də evdəkilərlə əlaqə saxlaya bilməyib” – qohumu izah edir. 
Doğmasını axtaran daha bir nəfər ilk olaraq hərbi komissarlığa yaxınlaşdığını, oradan  polis şöbəsinə yönləndirildiyini deyir. Orda ondan DNT analizi üçün nümunə götürülüb. Dörd-beş gündür ki, cavab gözləyirlər.  

"Rəsmi xəbəri gözləməliyik”

İtkin düşən və Girovların, Hərbi əsirlərin axtarışı üzrə beynəlxalq qrupun Bakı üzrə keçmiş koordinatoru Əvəz Həsənov bildirir ki, sosial şəbəkələrdə müxtəlif şəkil və informasiyanın paylaşılması düzgün deyil. Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri bu məlumatların kəşfiyyat məqsədilə istifadə oluna biləcəyindən narahatdırlar. 

Əvəz Həsənov ilkin olaraq Müdafiə Nazirliyinə müraciət etməyi və rəsmi xəbəri  gözləməyi daha məqsədəuyğun hesab edir. 

Müdafiə Nazirliyi əsir və itkin düşmüş şəxslərin sayı ilə bağlı rəsmi və dəqiq açıqlama təqdim etməyib. 

Nuranə, Aysel