11:04, 12 Yanvar 2021 (Çərşənbə axşamı) 101

Heykəltəraşlar Xudayarla Arəstənin büstünü hazırladılar - FOTO

Heykəltəraşlar Xudayarla Arəstənin büstünü hazırladılar - FOTO
FOTO: Toplum TV

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində 2823 nəfər arasında İkinci Qarabağ müharəbəsinin ilk və tək qadın şəhidi olan Arəstə Baxışova  və "Vətən yaxşıdır” təsnifi ilə hamının könlünü fəth edən Xudayar Yusifzadə də var. Hər iki şəhidin büstü gənc heykəltəraşlar tərəfindən hazırlanıb. 

"Toplum TV” büstləri hazırlayan heykəltəraşlarla söhbətləşib. 

"Xudayar Yusifzadənin büstü mənim ilk işim deyil. Ondan öncə Cəbrayıl Dövlətzadənin büstünü işləmişəm. Xudayarın ifası hamı kimi mənim də qəlbimi fəth etdi. Belə bir kompazisiya içimdən gəldi ve işlədim” - Heykəltəraş Jalə Əliyeva belə söyləyir.
 


O, büstü şəxsi təşəbbüsüylə, dövlət dəstəyi olmadan - öz hesabına hazırladığını deyir.

Jalə Əliyeva hazırda şəhid Ülvi Hacıyevin və 44  günlük savaşda həlak olan başqa qəhrəmanların büstü üzərində işləyir.

Heykəltaraş Müstəqil Balayev də qardaşı ilə birlikdə bir çox şəhidin büstünü hazırladıqlarını deyir. O da büstləri şəxsi təşəbbüsü ilə ərsəyə gətirdiyini qeyd edir.  

"Biz qardaşım Aqşin Balayevlə birlikdə Tovuz şəhidlərinin 12 barelyefini hazırlamışıq. Daha sonra qərara gəldim ki, Arəstə Baxışovanın heykəlini hazırlayım” – M.Balayev belə söyləyir.

Gənc heykəltəraş bildirir ki, büst gildən hazırlanıb və 1 həftəyə başa gəlib.
 


Heykəltəraş bu cür işlərin davamlı olacağını da vurğulayır: "Biz qardaşımla birlikdə bir neçə şəhidin büstünü hazırlamışıq. Məsələn, Fərid Zaməddinovun, Anar Əliyevin, Elman Babayevin və Məhəbbət Paşayevin. Belə işlərimiz davam edir, heykəllər də hazırlayırıq, hələ ki bitməyib”.

Xudayar Yusifzadə Zəngilan uğrunda gedən döyüşlərdə, Arəstə Baxışova isə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Aytən Zaman