14:45, 28 İyul 2020 (Çərşənbə axşamı) 722

Hüquqşünas: "Belə halda agentlik məsuliyyətə cəlb edilə bilər"

Hüquqşünas:
Ötən gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliydən 25, 26 iyul tarixlərində vətəndaşlara koronavirus testinin nəticələri haqqında yanlış məlumat göndərildiyi bildirilib. 

Deyilib ki, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar: "27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcəkdir. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

Fərhad Mehdiyev: "Yaxşı olardı ki, agentlik təqsirli işçiyə qarşı intizam tənbehi tətbiq etsin”

Hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə, əgər bu xəta agentliyin hər hansı bir işçisinin ehtiyatsızlığı üzündən baş veribsə, o zaman agentliyin təqsirli işçiyə qarşı intizam tənbehi tətbiq etməsi yaxşı olardı.

Hüquqşunasın fikrincə, ölkədə dövlət qurumlarının öz fəaliyyətində xətaya yol verdiyi zaman vətəndaşlardan üzr istəməsi tez-tez rast gəlinən hadisə deyil: "Üzr istəməkləri böyük bir şeydir. Bizdə adətən dövlət qurumları vətəndaşlardan üzr istəməyə çəkinirlər. Yaxşı ki, ən azından üzr istəyiblər”.
 
"Koronavirusa yoluxmadığı halda, pozitiv cavab alan vətəndaşlar ciddi stressə məruz qoyulub” 
 

F. Mehdiyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hansı hallarda hüquqi məsuliyyətə cəlb oluna biləcəyini qeyd edib: "Təbii ki, koronavirus xəstəsi olmadığı halda, pozitiv cavab alan vətəndaşlar ciddi stressə məruz qoyulub. Əgər koronavirus daşıyıcısı olmayan vətəndaş əslində səhv olan pozitiv cavaba görə ciddi stressə məruz qalıb, sağlamlığı ciddi şəkildə pozulubsa və bunu sənədləşdirə bilirsə, o zaman agentliyə qarşı kompensasiya tələbi irəli sürə bilər. Eyni zamanda nəticəsi neqativ olan vətəndaşa pozitiv cavab gəldiyi üçün gedib boşuna 400-500 manatlıq dərman alıbsa, o zaman həmin dərmanların pulunu sığorta agentliyindən geri istəyə bilər. Digər tərəfdən, əslində koronavirusun daşıyıcısı olan insana neqativ cavabı gəlibsə və bu cavaba görə özünü müalicə etdirmədiyi üçün xəstənin vəziyyəti ağırlaşıbsa, belə halda agentlik məsuliyyətə cəlb edilə bilər”.

Adil Qeybulla: "Əsas odur ki, sonradan üzr istəyiblər”
 

 
Tibb elmləri doktoru, professor Adil Qeybullanın söyləyir ki,  bu hadisəyə xüsusi bir don geyindirməyə ehtiyac yoxdur: "Bu qəsdlə edilmiş bir şey deyil, texniki xətadır. Bəzən belə hadisələr baş verə bilir. Hər halda özləri belə bir səhvliyə necə yol verildiyini müəyyənləşdirməyə çalışırlar. Əsas odur ki, sonradan üzr istəyiblər”.

"Karantinin taleyi bizim davranışlarımızdan asılı olacaq” 

Professorun fikrincə, əsas məsələ sərt karantin rejiminin uzadılıb-uzadılmayacağı ilə bağlıdır: "Avqustun 1-i yaxınlaşır. Əsas müzakirə olunmalı məsələ bundan sonrakı situasiyanın necə olacağıdır. Düşünürəm ki, sərt karantin ləğv olunsa, daha yaxşı olar. İnsanlar rahat küçəyə çıxar, çimərliyə, rayonlara gedər, gəzərlər. Yəni öz istirahətlərini təşkil edə bilərlər. Təbii ki, karantin qaydalarına ciddi şəkildə riayət edərək. Xüsusilə qapalı məkanlarda, avtobusda, metroda gigiyenik qaydalara- sosial məsafə, tibbi maskadan istifadə və əllərin dezinfeksiyasına, çox ciddi riayət olunmalıdır. Karantinin taleyi bizim davranışlarımızdan asılı olacaq. Polisin yanında maskanı yuxarı qaldırıb, o kənarlaşdıqda maskanı çənənin altına endirməklə yoluxma sayı aşağı enmir. Siz rəsmi rəqəmlərə baxmayın. Evlərdə xeyli qeydiyyatdan keçməmiş xəstə var”.

Türkay Mirizadə