17:55, 23 Oktyabr 2020 (Cümə) 130

Rəbiyyə Məmmədova TƏBİB və Səhiyyə Nazirliyinin koronavirusla mübarizəsindən narazıdır

Rəbiyyə Məmmədova TƏBİB və Səhiyyə Nazirliyinin koronavirusla mübarizəsindən narazıdır
COVİD-19 ilə bağlı verdiyi testi pozitiv çıxan ictimai fəal Rəbiyyə Məmmədova Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) pandemiya ilə mübarizəsindən narazıdır.  

İctimai fəal feysbuk sosial şəbəkəsində bu haqda yazıb.  

R.Məmmədova yazır ki, COVİD-19 testinin pozitiv olduğunu bilən kimi qeydiyyatda olduğu 35 nömrəli poliklinikaya zəng edib və vəziyyəti barədə məlumat verib.  

Buna baxmayaraq, nə TƏBİB-dən, nə də başqa bir qurumdan ona  zəng və ya sms göndərilib.  

35 saylı poliklinikaya zəng edəndə ona bildiriblər  ki, bu haqda  sahə həkiminə məlumat versin. Sahə həkimi Ziynət Cəfərovaya bir neçə dəfə zəng etməsinə baxmayaraq, onun zənglərinə cavab verilməyib.  

"Təxmini 1 saatdan sonra bir də zəng elədim. Bu dəfə xanım dedi ki, gözləyim. Yarım saatdan sonra məni yığıb dedi ki,  ancaq sabah dərman gətirəcək və evdəkilərdən yaxma götürüləcək. Baxmayaraq ki, bildirmişdim, evdə 2 körpə uşaq, özümdə də öskürək və qızdırma var. Biz danışanda saat 14:35 olub. İkinci növbə polinikaya 14:00-da gəlir. Deyir, ikinci növbəyəm, günün sonunudur. 14:35 nə vaxtdan günün sonu sayılır?”  

Rəbiyyə Məmmədova yazıb ki,  anası işlədiyi üçün səhərlər işə getmək məcburiyyətində qalır. Əgər ondan yaxma götürməsələr, xəstə halıyla işə getməli olacaq. İctimai fəal xəstəliyin bu cür yayıldığını deyir: 

"Mən dövlətin mənə ayırdığı dərmanları bu vəziyyətdə niyə səhər almalıyam? Poliklinika ilə evin arası piyada 4 dəqiqəlik yoldur. Bu, xəstəyə necə yanaşmadır? Özləri də bilirlər ki, koronavirusla mübarizədə hər saniyə önəmlidir. Mən xəstəliyi yaya-yaya aptekə gedim? Vicdanım yol vermir axı buna. Getməyim, dərmanlarsız necə olum, öskürək məni boğur axı?” - deyə ictimai fəal yazıb.  
 


TƏBİB-in rəsmisi Rəvanə Əliyeva deyib ki, 35 saylı poliklinika, ümumiyyətlə,  sahə həkimləri Səhiyyə Nazirliyinin tabeliyindədir, ona görə də nazirliklə əlaqə saxlamaq lazımdır.  

Səhiyyə Nazirliyinin mətbuat xidməti isə zənglərə cavab verməyib.  

Aytac Məmmədova