15:14, 22 Yanvar 2020 (Çərşənbə) 356

IDI növbədənkənar parlament seçkiləri ilə bağlı aralıq hesabat yaydı

IDI növbədənkənar parlament seçkiləri ilə bağlı aralıq hesabat yaydı
Demokratik Təşəbbüslər İnstitutu (IDI) 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar seçkilərin ilkin mərhələsinə dair aralıq hesabat hazırlayıb. 

Sənəddə deyilir ki, bu mərhələdə hesabat seçkiöncəsi mühit, seçkilərə hazırlıq, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi, seçki administrasiyasının fəaliyyəti, təşviqata hazırlıq, şikayət və müraciətlərə baxılması vəziyyətinə dair monitorinqin nəticələrini əhatə edir.

Həmçinin bu sənəddə IDI seçki hüquqlarının pozulmasına səbəb olan amillərin aradan qaldırılması istiqamətində tövsiyələrini verib. 

Bildirilir ki, hesabat ümumilikdə 12 nəfərlik uzunmüddətli müşahidəçilərin apardığı monitorinqlər və seçkidə iştirak edən müxtəlif tərəflərlərdən toplanmış məlumatlar əsasında hazırlanıb.

Hesabatda qeyd olunur ki, İDİ 5 dekabr 2019-cu ildə seçkilərə start verildikdən etibarən şərtlərin imkan verdiyi çərçivədə, seckilərin gedişinin muşahidəsi ilə yanaşı, seçkidə iştirak edən müxtəlif tərəflərə hüquqi yardım göstərir.

"Ölkədə siyasi kontekst dəyişməyib. Yenə də qarşıdan gələn seçki bir siyasi qüvvənin mütləq üstünlük təşkil etdiyi və hakim partiya ilə əsas müxalifət partiyaları arasında dialoqun yoxluğu ilə səciyyələnən siyasi mühitdə cərəyan edir. IDI-nin seçkiqabağı vəziyyətin qiymətləndirmə sənədində siyasi hüquqlar və fəaliyyət azadlığına dair təqdim etdiyi problemlər hələ də həllini tapmayıb”, – deyə hesabatda vurğulanıb.

Sənəddə həm də deyilir ki,  seckiqabağı dövrdə seçki dairələrinin təşkili ilə bağlı IDI-nin qeydə aldığı catışmazlıqlar aradan qaldırılmayıb.

IDI-nin apardığı müşahidələrə görə, bəzi seçki dairələrinin ərazisində yerləşən seçki məntəqələrində səsverməyə 25 gün qalmışadək seçici siyahıları vurulmayıb. Bəzi seçki dairələri üzrə isə qanunun tələbinə əsasən seçici siyahıları seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə yerəşdirilməyib.

İDİ-nin yaydığı hesabatda siyasi konteks və seçki sistemi, parlament seçkilərinə hazırlıq, seçkiİqabağı siyasi şərait və iddiaçılar, namizədliyin irəli sürülməsi  və qeydiyyatı, şikayətlər və  müraciətlər, media mühiti və təşviqata hazırlıq mövzularına toxunulub, sonda isə  nəticə  və tövsiyələr qeyd olunub.

Elmar Əziz