12:23, 20 Noyabr 2020 (Cümə) 68

İlham Əliyev Ağdam şəhərinə investisiyalar qoyulacağını deyib

İlham Əliyev Ağdam şəhərinə investisiyalar qoyulacağını deyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də xalqa müraciət edib. Prezident Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqı təbrik edib. 

"Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir", - prezident deyib. 

İlham Əliyev Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımların  atılacağını bəyan edib:

"Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".

Prezident çıxışı zamanı növbəti dəfə Ermənistan rəhbərliyinin siyasətini kəskin tənqid edib. İlham Əliyev Ermənistanın müstəil ölkə olmadığını deyib: 

"Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, "məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər".
 
Prezident çıxışı zamanı bölgədə kommunikasiyaların da açılacağını deyib. "Füzulidən Şuşaya yol çəkilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, gələn il əlavə vəsait ayrılacaq. Göstəriş vermişəm, bir neçə şirkət cəlb olunsun ki, vaxt itirmədən tez yolu çəkək”.

Ağdam-Xankəndi-Şuşa yolu da müəyyən müddət sonra açılacaq, deyə prezident qeyd edib. 

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin noyabrın 10-da imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu da boşaltmalı olsa da, bu tarix noyabrın 25-dək uzadılıb. Qrafikə görə Laçın rayonu 1 dekabr 2020-ci il tarixinədək Azərbaycana qaytarmalıdır.