12:55, 26 May 2020 (Çərşənbə axşamı) 560

"İnsan hüquqları aylığı"nda insan hüquqları qorunurmu?

Mayın 18-dən iyunun 18-dək Azərbaycanda "İnsan Hüquqları Aylığı” elan olunub, təşəbbüskar İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevadır. 


 
Onun sözlərinə görə, məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etməkdir. 

İyunun 18-i Azərbaycanda Milli İnsan Hüquqları Günüdür. 

Prezident İlham Əliyevin 2007-ci il 18 iyun il tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi bu gün Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Məhz həmin ildən etibarən hər il 18 may - 18 iyun tarixlərində "İnsan Hüquqları Aylığı” keçirilir. 

"İnsan Hüquqları Aylığı”nda insan hüquqları nə dərəcə qorunur?

Toplum TV  suala aydınlıq gətirmək üçün mediada keçən ilin 18 may-18 iyun tarixləri üzrə monitorinq aparıb.
 
2019-cu il mayın 18-də "İnsan Hüquqları Aylığı” başlar-başlamaz Azərbaycan Xalq Cəbhəsi partiyasının Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənovun "karsa” salındığı və həbsxana rəisi tərəfindən cəzalandırıldığı bildirilib.
 


Mayın 21-də isə onun qardaşı Cavid Həsənov AXCP fəalına qarşı təzyiqlərə son qoyulduğunu, başqa məhbuslarla yanaşı ona da Ombudsman Aparatının əməkdaşlarının baş çəkdiklərini açıqlayıb.

Mayın 29-da Babək Həsənov aclıq aksiyasına başlayıb. O, bu yolla həm özünə, həm də onunla ünsiyyət saxlayan başqa məhbuslara qarşı təzyiqlərə etirazını çatdırıb.

B. Həsənov 2018-ci il mayın 25-də Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin AXCP-yə maliyyə yardımı göndərməsi ittihamı ilə həbs olunub.

Azərbaycan Milliyətçi Demokrat Partiyasının Siyasi Şura üzvü, Qarabağ müharibəsinin veteranı İlyas Abdullayev və Yavər Mikayılov da mayın 18-də  DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Vəkil Yavər Hüseyn onların yaxınları ilə müqavilə bağlasa da, saxlanlanılanlarla  4 gün görüşə bilməyib.

Mayın 19-da işsizliklə bağlı Meydan TV-yə şikayətlənən Saatlı sakini Vüsal Axundova polisə müqavimət maddəsi ilə 10 sutka həbs cəzası alıb.

Mayın 29-da Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası ReAL partiyasının sədri İlqar Məmmədov haqda qərar qəbul edib. Bu qərar Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) müraciəti əsasında qəbul edilib. 
 

 
NK hesab edirdi ki, Azərbaycan hökuməti siyasi fəaliyyətini məhdudlaşdırmaq niyyəti ilə həbs etdiyi siyasətçini AİHM qərarına rəğmən azad etməyib və bununla Avropa Şurası qarşısındakı öhdəliklərinin pozuntusuna yol verib.

Suraxanı rayon Məhkəməsi mayın 29-da AXCP üzvü, II qrup Qarabağ əlili Asif Yusiflinin şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxıb. Məhkəmə cəbhəçinin şikayətini təmin etməyib. 
 

 
2014-cü il noyabrın 25-də həbs edilən A. Yusifli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilib. O, 7 il azadlıqdan məhrum edilib. Ancaq cəbhəçi həbsinin siyasi motivli olduğunu deyir.

Keçən ilin "İnsan Hüquqları Aylığı” müddətində sərbəst toplaşmaq azadlığının da necə təmin olunmasına diqqət etmək mümkündür. Mayın 20-də Masallıda AXCP-nin cənub rayon təşkilatlarının müşavirə keçirməsinə imkan verilməyib. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı Masallıda saxlanılaraq rayondan çıxarılıb.
 

 
Mayın 25-də Zaqatala rayon polis şöbəsinin 20-dək əməkdaşı Arif Hacılının ata evinə daxil olaraq Müsavat partiyasının yerli təşkilatını iclas keçirməyə qoymayıb. 

Müsavatçılardan bir neçə nəfər, o cümlədən Mustafa Ağayev və Veysəl Ağayev polis maşınına mindirələrək aparılıb. İclasda iştirak etmək üçün Bakıdan Zaqatalaya getmiş Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının da təzyiqlə üzləşdiyi söylənilir.

Mayın 28-də Milli Şuranın Respublika Günü münasibəti ilə Novxanı kəndində keçirdiyi bayram tədbirində polis toplaşanlara hücum edib, onların  əllərindəki şüarları və bayraqları alındığı deyilir. Polisin bu hərəkətinə etiraz edənlərdən Tofiq Yaqublu və daha 3 nəfər saxlanılaraq naməlum istiqamətə aparılıb.
 


Eyni zamanda partiyanın Cəlilabad rayon təşkilatının 4 üzvü - Vüqar Rzalı, Nicat Rüstəmzadə, İlqar İbrahimov və İlqar Həsənov  Bakıda saxlanılıb. Polislər müsavatçıları Respublika Günü ilə bağlı Novxanı kəndində keçirilən tədbirə gələrkən Binəqədi rayonunda saxlayıblar. 

Azərbaycanda son illər media azadlığının və azad sözün basqılarla üzləşdiyi müşahidə edilir. Ötən ilin may-iyun ayları da istisna deyil. 

Mayın 29-da Avropa Liqasının "Arsenal" və "Çelsi" klubları arasında final matçını işıqlandırmaq üçün UEFA-dan akkreditasiya alan "Turan” informasiya agentliyinin fotomüxbiri Əziz Kərimova Azərbaycan hakimiyyəti qadağa tətbiq edib. Sonradan qadağa götürülüb və "texniki səhv”lə əlaqələndirilib. 
 

 
Mayın 23-də "Futbol +” idman qəzetinin əməkdaşları Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd edib. Səbəb Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun qəzetə maliyyə yardımı ayırmaqdan imtinası olub. Polis və mülki geyimlilər jurnalistləri ərazidən uzaqlaşdırıblar. Bundan başqa jurnalistlər  Aytac Əhmədova, Fərqanə Novruzova və Türkan Bəşiri də polis tərəfindən saxlanılıb.
 
Mayın 27-də Ağdam Rayon Məhkəməsinin qərarı ilə "Yeniçağ” saytının müxbiri Səxavət Məmməd 10 sutka inzibati cəza alıb. Səbəb kimi jurnalist bloqunda "Trollara cavab: Qələbə üçün ilk zərurət - Nəcməddin Sadıkov yerinə hansı fərarini gətirir?”başlıqlı yazısını göstərsə də, rəsmi açıqlamaya görə o, 3 min manat məbləğində aliment borcunu ödəməyib. 

2019-cu ildı insan hüquqları aylığı çərçivəsində Ombudsman tərəfindən silsilə tədbirlər keçirilib. Onlardan biri "Uşaqlar Dünyanın çiçəkləridir!” devizi altında  Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksində baş tutub. 

Azərbaycan və beyxəlxalq təşkilatların hesabatları

Ombudsmanın "İnsan Hüquqları Aylığı” dövründə keçirdiyi tədbirlər  daha çox uşaq hüquqlarına yönəlik olsa da, müxtəlif  hesabatlara əsasən Azərbaycan Cənubi Qafqazda uşaqların ən pis yaşadığı ölkə kimi göstərilib. Məsələn, keçən il mayın 30-da uşaqların hüquqlarını müdafiə edən beynəlxalq "Save the Children” xeyriyyə təşkilatı "Uşaqlığın sonu” (End of Childhood) adlı hesabatını açıqlayıb və indeks dərc edib. İndeksdə Cənubi Qafqaz üzrə ən pis göstərici 89-cu yerdə olan Azərbaycandadır.

Ümumiyyətlə Azərbaycan beynəlxalq hesatlarda heç də yaxşı nəticə göstərmir. 

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatının həm 2019-cu il, həm də bu ilki  hesabatında Azərbaycan  "azad olmayan" dövlətlər sırasında göstərilib.

Təşkilat hesab edir ki, Azərbaycanda siyasi mühit plüralist və rəqabət qabiliyyətli deyil. 

"Azərbaycanın avtoritar sistemi ictimaiyyəti real siyasi iştirakdan məhrum edir. Rejim siyasi hakimiyyəti qoruyub saxlamaq üçün dövlət resurslarından, korrupsiya şəbəkələrindən və təhlükəsizlik qüvvələrindən sui-istifadə edir və ədalət sisteminə nəzarət edir", - hesabatda yazılır.

Sərhədsiz Reportyorlar (RSF) Təşkilatının açıqladığı 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 166-cı yerdədirsə, 2020-ci ilin hesabatında geriləyərək 168-ci yerə düşüb. 

Azərbaycanda media azadlığı barədə beynəlxalq qurumlar dəfələrlə narahatlıqlarını dilə gətiriblər. Hakimiyyət təmsilçiləri isə hər dəfə bu tənqid və iradları rədd edir, ölkədə media azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər. 

Bu il "İnsan Hüquqları Aylığında nələr gözlənilir? 

Bu il də insan hüquqları aylığı dövründə müxalif düşüncəli və hakimiyyəti tənqid edənlərin təqibi, həbsi davam edir. 

Toplum TV-yə danışan ictimai fəal İlkin Rüstəmzadənin sözlərinə görə, "İnsan Hüquqları Aylığı” dövründə hökumət yenə siyasi fəallara qarşı cəzalandırmalar aparır: "Bu müddətdə repressiyalar daha da güclü olacaq. Onsuz da "İnsan Hüquqları Aylığı” elan olunan kimi hökumət indiyə qədər heç vaxt etmədiyi ittihamları irəli sürdü, indiyə qədər heç vaxt etmədiyi formada siyasi fəalları cəzalandırmağa başladı. Məncə, bu hələ anons idi”. 
 

 
Hüquq müdafiəçisi Rəsul Cəfərov isə hesab edir ki, Azərbaycanda insan hüquqlarını qorumaq üçün başlıca növbədə siyasi iradə olmalıdır və insan haqqları daha yaxşı müdafiə olunmalıdır. 
 

 
"İnsan haqlarının az qala bütün sahələri ilə bağlı bizdə problemlər var, istər siyasi hüquqlar, istər mülki, istər iqtisadi, hətta mədəni-humanitar hüquq və azadlıqlarla bağlı çox ciddi problemlər mövcuddur. Bu problemlər mürəkkəb də olsa, həlli mümkündür. Bunun üçün də hakimiyyətin siyasi iradəsi olmalıdır ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti yaxşılaşsın, irəliyə doğru inkişaf etsin. Bu olmayacaqsa, nəyinsə dəyişməyini gözləmək sadəlövlükdür”, - Rəsul Cəfərov deyir.

Hüquq müdafiəçisinin qənaətincə, insan hüquqların qorunmasında vətəndaş cəmiyyəti də yaxından iştirak etməli və dövlət də buna şərait yaratmalıdır.

O hesab edir ki, hakimiyyət problemlərin həllində maraqlı olmalıdır, "problemlər bəyanatla, çıxışla həll olunmur, onlar üst-üstə yığılanda dövlətin də, cəmiyyətin də, hakimiyyətində maraqlarına gec və ya tez zərbə vurur”.
 
Arzu Çinarlı