11:31, 19 Sentyabr 2020 (Şənbə) 225

İnternet yoxdursa, onlayn dərs alınmırsa günahkar kimdir?

İnternet yoxdursa, onlayn dərs alınmırsa günahkar kimdir?
Bakıda internet 8 saat kəsilirsə...
 
Bakıda Səkkizinci kilometr qəsəbəsində yaşayan Nazim Bəydəmirli internet olmadığından övladlarının davamlı şəkildə onlayn dərsə qoşula bilməməsindən şikayətçidir. Onun sözlərinə görə bugünlərdə "City Net”in provayderinin yerləşdiyi binada elektrik kəsildiyindən müştərilər 8 saat internetsiz qalıblar. 

"Sentyabrın 15-də Azərişıq "qışa hazırlıq” adı ilə profilaktik tədbirlər görürdü. Bununla bağlı həmin tarixdə 8 saat müddətində işıq olmayıb. Növbəti gün isə "City Net”in ötürücüsünün yerləşdiyi binada profilaktik tədbirlər görüldüyü üçün bizim evdə internet yenidən bir neçə saatlıq kəsildi və nəticədə şagirdlər onlayn təhsildən geri qaldılar”, - Nazim Bəydəmirli söyləyir.
Onun sözlərinə görə, paytaxt Bakıda internet saatlarla kəsilirsə regionlardakı durumu təsəvvür etmək çox çətindir.

Toplum Tv-nin "City Net” rəsmiləri ilə danışmaq cəhdi mümkün olmayıb. Texniki şöbədən isə yaranmış problemi  "sistemin zəncir formasında bir-birindən asılı olması” ilə əlaqələndiriblər. 

Emin Babayev adlı "Facebook” istifadəçisi isə internet kəsintisi ucbatından qohumunun üzləşdiyi problem haqda yazır: "Aviyasiya Akademiyasında oxuyan xalam nəvəsi internet sürətinin zəif olduğundan 2 dəfə on-line dərslərinə qoşula bilməyib. Dedilər 3-cü dəfə buraxsan imtahana buraxılmayacaqsan... Bakının qıraq rayonlarında və ətraf kəndlərində internetin sürəti dial-up səviyyəsindədi...” 

Nazirlik: "Dekanlıqlarda ədalətli araşdrılacaq”

Təhsil Nazirinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Topum TV-yə açıqlamasında bildirir ki, ali məktəblərdə davamiyyətlə bağlı qaydaların pozulması əsaslı səbəb olduqda üzrlü sayıla bilər. Onun qənaətincə, bu məsələ universitetlərin dekanlıqlarında ədalətli formada araşdırlacaq.

"Mövcud situasiya qeyri-standartdır və heç kim iddia etmir ki, biz ən yaxşı formanı tətbiq edirik. Biz mövcud reallıqlar şəraitində ən münasib formanı tətbiq etməyə çalışırıq. Mövcud rejim bütün dünyada da olduğu kimi ənənəvi metodu əvəz edə biləcək ən yaxşı formanı tapmaqdır. Bizim zənnimizcə ən yaxşı forma budur”.

"Təhsil Nazirliyinin distant təhsilə hazırlıqla bağlı monitorinq aparıb” 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə Qazaxıstanda, Ukraynada, Baltik ölkələrində hökumət şagird və müəllimlərin internetə çatımlılığını təmin edib, məktəbin avadanlıqları müvəqqəti olaraq şagird və müəllimlərə paylanıb və bu istiqamətdəki problemlərin həlli üçün büdcədən vəsait ayrılıb. 

O, Azərbaycanda da Təhsil Nazirliyinin bir müddət əvvəl bütün ölkədə distant təhsilə hazırlıqla bağlı geniş monitorinq aparıb. Onun sözlərinə görə nazirlikdə müəllimlərin, şagirdlərin internetə çatımlılığı, texnikasının olub-olmadığı haqda geniş məlumat var. 
Ancaq mütəxəssis monitorinqin nəticələrinin müvafiq qurumlara göndərilib-göndərilmədiyi ilə bağlı məlumatsız olduğunu qeyd edir.

O.Gündüz distant təhsilin təşkilinin ancaq Təhsil Nazirliyinin üzərinə atılmasını düzgün hesab etmir. Ekspert sadəcə Təhsil Nazirliyinin hesabına distant təhsilin təşkilinin mümkün olmadığını düşünür:  "Ölkə əhalisinin əkrəsiyyəti rayon və kəndlərdə yaşayır. Kəndlərdə geniş zolaqlı və sürətli internet yoxdur. Hesab edirəm ki, Təhsil Nazirliyi keçirdiyi monitorinqin nəticələrini digər qurumlarla bölüşməli, hökümət də buna adekvat reaksiya verməlidir, aidiyyatı nazirliklər prosesə cəlb olunmalıdır". 

Nazirlik sözçüsü: "Məlumatsızam”

Təhsil Nazirinin sözçüsü Cəsarət Valehov isə ölkədə distant təhsillə bağlı keçirilmiş monitorinqin nəticələrinin digər dövlət qurumlarına göndərilib-göndərilməməsi haqda məlumatsız olduğunu deyib. 
 

 
Osman Gündüz Azərbaycanda internet probleminin vaxtında geniş zolaqlı, keyfiyyətli internet infrastrukturunun qurulmaması ilə 
əlaqələndirir.

Elməddin Şamilzadə