14:51, 13 Avqust 2020 (Cümə axşamı) 615

İqtisadçı: “Yaxın zamanlarda Bakıda taksi xidməti göstərən avtomobillərlə bağlı yeni standartlar qəbul olunacaq”

İqtisadçı: “Yaxın zamanlarda Bakıda taksi xidməti göstərən avtomobillərlə bağlı yeni standartlar qəbul olunacaq”
''Bakı Taksi Xidməti'' yeni 100 ədəd 6 nəfərlik "LEVC TX” modelli "London taksi"si alıb.

Taksilər elektriklə işləyir.

"Bakı Taksi Xidməti” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Avqustun 12-də Prezident İlham Əliyev yeni taksilərə baxış keçirib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna biləcək.

Ramin Quluzadə deyib ki, smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu, ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə deyir ki, bu, taksi xidməti bazarının inhisara alınmasıdır:

"Ötən il müsahibələrimin birində inhisarçılıqdan bəhs edərkən "bəs ölkədə elə bir sahə varmı monopoliya olmasın", - sualına taksi xidmətləri bazarını misal göstərmişdim. Çünki ötən il taksi xidmətlərinin qiymətləri məhz rəqabətli bazar şəraitinə görə uculaşmışdı. Amma son zamanlar baş verənlər göstərir ki, bu sahədəki xidmətlərdə inhisarçılıq meylləri yaranır”.

Qubad İbadoğlu deyir ki, ötən il ərzində sərnişindaşıma fəaliyyəti xidmətindən istifadə edənlərin sayı 60-70 milyon nəfərə çatıb. Hər xidmətdən istifadə üçün orta hesabla 5 manat xərclənərsə, bu, təxminən 300-350 milyon manatlıq taksi xidmətləri dövriyyəsi deməkdir: "Dünən İlham Əliyev "LEVC TX” modelli yeni 100 ədəd "London taksi"lərinin təqdimatını edib. Bildiyiniz kimi, pandemiyaya görə metronun fəaliyyətinin müvəqqəti dayandırıldığı dövrdə ictimai nəqliyyatdakı problemləri həll edə bilməyən Bakı Nəqliyyat Agentliyinin yarıtmaz işi daha çox taksi sürücülərinin işinə yarayır. Hazırda Bakıda on minlərlə şəxs bu xidməti göstərərək ailəsinə çörək pulu qazanır. Əldə etdiyimiz məlumatlara görə, yaxın zamanlarda Bakıda taksi xidməti göstərən avtomobillərlə bağlı yeni standartlar qəbul olunacaq. Onlardan biri də istehsal ili köhnə olan avtomobillərə taksi xidməti göstərmək üçün qoyulan qadağadır”.

İqtisadçının fikrincə, o deməkdir ki, istismar müddəti çox olan avtomobillər bu xidmətdən kənarlaşdırılaraq, sahibləri də bazardan çıxarılacaq.
 
meydan.tv