13:53, 12 Dekabr 2019 (Cümə axşamı) 137

İran dövlət səviyyəli kiberhücumun qarşısını aldığını deyir

İran dövlət səviyyəli kiberhücumun qarşısını aldığını deyir


/ DÜNYA
İran dekabrın 11-də bildirib ki, elektron idarəetmə infrastrukturuna kiberhücumu "dəf edib”.
 
AzadlıqRadiosu xəbər verir ki, ölkənin telekommunikasiya naziri Mohammad Javad Azari Jahromi yerli mediaya bu hücumun "dövlət səviyyəsində təşkil olunduğunu” iddia edib.

Onun sözlərinə görə, hücum "yüksək səviyyədə təşkil olunub” və hakimiyyət onun dəqiq miqyasını araşdırır.

Nazir hücumun arxasında durduğu iddia olunan ölkənin adını çəkməyib, yaxud hansı "elektron infrastrukturun” hədəfə alındığının detallarını açıqlamayıb.

O, hücum barədə hesabatın "daha sonra” yayılacağını qeyd edib.

Bu insidentin Birləşmiş Ştatlarla İran arasında davam edən kiber-duel çərçivəsində baş verib-vermədiyi bəlli deyil.

Birləşmiş Ştatlar iyunun 20-də İranın silah sisteminə kiberhücum başladıb. Bundan öncə isə İran ABŞ-ın dronunu vurub, bundan başqa neft tankerlərinə hücumlara görə Vaşinqton Tehranı günahlandırıb.

Tehran iyunun 24-də bəyan edib ki, İran hədəflərinə kiberhücumlar uğursuz olub.