20:00, 29 Yanvar 2020 (Çərşənbə) 266

"İşim əşyalara nəfəs verməkdir" - REPORTAJ

"Hər kəs çörək pulunu bir yerdən çıxarır: kimisi daşdan, kimisi oxuyub öyrəndiklərindən, kimisə isə qoluna güvənərək. Mənim işim xarab olmuş, gözdən düşmüş əşyaları bərpa edib, onlara yeni bir nəfəs verməkdir”.

Bu sözləri Ağacan dayı deyir. O, 25 ildir xarab olmuş, sınmış əşyaları təmir edir. Bütün bu işləri də 3-cü mikrorayon ərazisində, açıq havada edir.  

Beşmərtəbəli binaların əhatəsində sanki kiçik bir şəhərcik salınıb. Burda təndir, ayaqqabı, televizor təmirçisi, gözəllik salonu, dərzi, toxucu və s. fəaliiyyət göstərir. Ağacan dayının da işi burdadır. O, bıçaq itiləməkdən tutmuş,  ütü, ətçəkən, tozsoran və digər texniki avadanlıqları təmir etməklə məşğuldur. 
 
 

Dediyinə görə, Politexnik İnsitutunu (İndiki Texniki Universitet – red.) bitirib, daha sonra Rusiyada, Azərbaycanda bir sıra sektorlarda ixtisası üzrə işləyib. SSRİ dağıldıqdan sonra ölkədə bütün sahələr sanki müharibə əhval ruhiyəsinə düşüb. Ondan sonra daha kiçik yerlərdə adətən, kiminsə əlinin altında işləyərək pul qazanıb.

"Belə olanda həm kiminsə sözünü götürməli, həm də gözləməli idim ki, nəsə bir iş çıxsın, məndə pul qazanım. Buna görə də qərar verdim ki, öz işimin ağası özüm olacağam”,-60 yaşlı usta danışır.

 
O gündən bu günə düz 25 il ötür: "Burda hamı məni tanıyır, hörmət edir. Hər nə qədər açıq havada işləsəm də, çörəyim burdan çıxır. Bura mənim, mən də buranın bir parçasıyam. Adam var, əşyasını necə gəldi,  işlədir, xarab edir. Bir ümidlə düzəltmək üçün yanıma gətirir. Öyrənəndə ki, yenidən işlək hala gətirilib, sevinir. Bu andan fərəhlənmək mənə zövq verir. Elə adam var səbirsizdir, bu da başına bəla olur. Mən sənətkaram xarab olan, yararsız kimi görünən əşyalara yeni nəfəs qazandırıram, onların ömrünü uzadıram. İşim hava ilə bağlı olduğundan hər zaman burda otura bilmirəm, elə günlər olur heç nəsə gətirən də olmur. İndi dövr günü-gündən müasirləşir, elə şeylər ixtira olunur, hazırlanır ki… Amma mən köhnə əşyaları atmıram, çox olub  atmadığım bu hissələr işimə yarayıb”.
 
 

Ağacan dayının yanında adını açıqlamayan bir qadın da əyləşib. Onun işi toxumaqdır. Eyni zamanda, xırda məişət əşyaları, qədimi oyuncaq, qab qaşığını da bura qoyub ki, bəlkə kimsə alar. 

Dediklərinə görə, 20 ildir bir-birlərini tanıyırlar, yoldaşlıq edirlər.

Qadın əvvəlcə müştəri zənn edib nə istədiyimizlə maraqlanır. Jurnalist olduğumuzu bildikdə isə yenidən işini davam etdirir, toxuyur. 

Belə görünür ki, satdığı bəzi əşyaların zamanı keçib, atmağa da əli gəlməyib. Bəlkə hələ də alıcı tapar deyə onları da piştaxtaya düzüb.
 
 

Danışmaq istəməməsinin səbəbini belə izah edir: "Sənin işin bizə zərər gətirə bilər. Eşidərlər, bilərlər, bizi incidərlər”. 

Çörəkpulu qazanmaq üçün qışın sazağında saatlarla açıq havada oturan bu yaşlı adamların işinə mane olmamaq üçün ərazidən uzaqlaşıram...

Roza Məmmədova