11:41, 28 May 2020 (Cümə axşamı) 165

İstanbulda körpülər və tarixi qüllə Azərbaycan bayrağının rəngləriylə işıqlandırılıb

İstanbulda körpülər və tarixi qüllə Azərbaycan bayrağının rəngləriylə işıqlandırılıb
Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 102-ci ili münasibətiylə Avropa və Asiya qitələrini bir-birinə bağlayan İstanbulun üç körpüsü və tarixi Qalata qülləsi Azərbaycan bayraqlarının rəngləriylə işıqlandırılıb.

Azərbaycan Respublikasının İstanbuldakı  Baş konsulluğundan Turan agentliyinə verilən məlumatda qeyd edilib ki, körpülərin və tarixi qüllənin işıqlandırılması ilk dəfə Cümhuriyyətimizin qurulmasının 100 illiyi münasibətiylə Baş konsulluq tərəfindən gündəmə gətirilib.

Təşəbbüsə Türkiyə xarici işlər nazirliyi, İstanbul  qubernatorluğu, Nəqliyyat, kommunikasiya və infrastruktura nazirliyinin Quru yolları baş idarəsi  dəstək veriblər  və 2018-2019-cu illərdə  Avropa və Asiya qitəsini bir-birinə bağlayan İstanbul  körpüləri Azərbaycanın üçrəngli bayrağının rəngləriylə işıqlandırılıb.

Baş konsulluq bu il İstanbulun mərkəzində yerləşən və əcnəbi turistlərin ən çox getdiyi tarixi Qalata qülləsinin də üç rənglə işıqlandırılmasını  təklif edib, təklif adı çəkilən qurumlar  tərəfindən qəbul edilib.

İstanbul körpüləri mayın 27-də axşam saatlarında   göy, qırmızı və mavi rənglərlə  işıqlandırılıb. Mayın 28-də körpülərdən başqa tarixi Qalata qülləsi də Azərbaycan bayrağının rəngləriylə işıqlandırılacaq.

Qeyd etmək lazımdır ki, indiyə qədər İstanbul körpülərinin heç bir ölkənin bayrağının rəngləriylə işıqlandırılmasına icazə verilməyib.İstanbul Baş konsulluğunun təşəbüsü ilə bu istisna  ancaq Azərbaycana tanınıb.

turan.az