14:29, 09 Sentyabr 2020 (Çərşənbə) 219

İstintaq təcridxanasının rəhbərliyi Tofiq Yaqublunun hüquqlarını məhdudlaşdırır

İstintaq təcridxanasının rəhbərliyi Tofiq Yaqublunun hüquqlarını məhdudlaşdırır
Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Şüvəlan qəsəbəsindəki 3 saylı təcridxanada səkkizinci gündür ki, aclıq aksiyasını davam etdirir. Bu barədə Turan-a ona baş çəkmiş vəkil Elçin Sadıqov bildirib.

"Tofiq Yaqublunun vəziyyəti yaxşı deyil: başgicəllənməsi, ürək bulanması, güclü baş ağrısı var. Çətinliklə hərəkət edir. Görüşə gəldiyində onun necə zəiflədiyini, hərəkət etməyə necə çətinlik çəkdiyini gördüm”, - vəkil deyib.

Onun sözlərinə görə, 8-ci gündür aclıq etməsinə baxmayaraq, T.Yaqublunu hələ də tibb məntəqəsinə köçürməyiblər.

"Təcridxana həkimləri Tofiq Yaqublunu müayinə edirlər, lakin biz xahiş etdik ki, professor Adil Qeybulla onu hər gün müayinə etsin. Ombudsmandan cavab almamışıq”, - vəkil qeyd edib.

T.Yaqublu onun barəsində ədalətsizlik aradan qaldırılmayınca aclığı davam etdirmək fikrində israrlıdır. İstintaq təcridxanasının rəhbərliyi qida qəbuluna başlamağı tövsiyə edib, ancaq T.Yaqublu imtina edib.

Hökumət aclıq aksiyasına hələlik reaksiya verməyib. Bundan əlavə, T.Yaqublunun telefon danışıqlarına məhdudiyyət qoyulub. Hətta bu gün də cədvəl üzrə növbəsinə baxmayaraq, ona evə zəng etməyə icazə verilməyib. Vəkilə də görüş üçün maneçilik yaradılıb.

Digər məhbusların vəkilləri sənədləri təqdim edərək müttəhimlərin yanına gedərkən E.Sadıqov yarım saat gözləmək məcburiyyətində qalıb.

Vəkil güman edir ki, təcridxana rəhbərliyi icazə verməzdən öncə yuxarıda kiminləsə məsləhətləşmələr aparır.

Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu sentyabrın 3-də 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, etiraz olaraq aclıq edir.

Beynəlxalq təşkilatlar hökmü pisləyiblər. Beynəlxalq Amnistiya təşkilatı onu "vicdan məhbusu” kimi tanıyıb.
 
turan.az