13:43, 23 Oktyabr 2020 (Cümə) 167

Karantin rejimi sərtləşdirilə bilər

Karantin rejimi sərtləşdirilə bilər
"Mövcud vəziyyət belə davam edərsə, karantin rejiminin şərtləri təkrar gözdən keçirilməlidir”.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev "APA”ya açıqlamasında belə deyib.

O bildirib ki, ötən gün 800-dən çox yoluxma var idi, bu gün və ya sabah yoluxmanın nə qədər olacağı bəlli deyil, amma görünən odur ki, artan istiqamətdə davam edir.

Vasif Əliyevin sözlərinə görə, mülki insanların koronavirusa yoluxması eyni zamanda ölkə daxilində əsgər və zabitlərin də yoluxmasına səbəb ola bilər:
"İnsanlar düşünməsinlər ki, ehtiyatsızlıq edərək təkcə özlərini riskə atırlar. Eyni zamanda əsgər və zabit heyətimizi, ordumuzu, həkimləri də riskə atır. Çünki, həkimlər mart ayından koronaviruslu xəstələri müalicə edirlər. Hazırda isə həkimlər yaralıların sağalması üçün də çalışırlar”.

O bildirib ki, indiki halda xəstəxanalarda koronaviruslu xəstələrin artması həm çarpayı ehtiyatına problem yaradır, həm də bu cür risk altında həkimlər də xəstələnə bilər; mövcud durum eyni zamanda ölkə iqtisadiyyatına da zərər vurur.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı isə hesab edir ki, əhalinin ilkin olaraq 20%-nə peyvənd vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər.

O, bu sözləri oktyabırın 23-də SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasda zamanı deyib.

R. Bayramlı bildirib ki, hazırda seroloji testlər aparılır. Əsas tələb vaksinin effektiv və təhlükəsiz olmasıdır.