15:01, 19 Noyabr 2020 (Cümə axşamı) 760

Karantin sərtləşdirilir: bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq - YENİLƏNİB

Karantin sərtləşdirilir: bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq - YENİLƏNİB
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb. Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda bu tədbirlərin müddəti uzadılacaq. Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılıb. Həmçinin Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.
 
21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri bərbərxana və gözəllik salonlarında yerində xidmət dayandırılır. Məlumatda qeyd edilib ki, 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq.

Həmçinin 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Bununla əlaqədar olaraq, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdiriləcək.

Operativ Qərargah özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurumlara işçilərin say həddinin 30 faizədək azaltmağı tövsiyə edib. 

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, koronavirusa yoluxmanın artması ilə əlaqədar xəstəxanalarda yer çatışmazlığı yaşana bilər. "Biz hələ də müharibədə döyüşmüş əsgərlərimizə qulluq edir, iki cəbhədə mübarizə aparırıq. Ona görə də bizə cəmiyyətin dəstəyi lazımdır. Müharibədə gördük ki, xalqımız bir ola, bir yerə yumruq vura bilir”, - deyə Yaqut Qarayeva bildirib. 
 
"Kütləvi toplantılar qətiyyən olmaz. Biz görürük ki, ailələr daxilində ciddi yoluxmalar var, - Yaqut Qarayeva deyib: Maskadan istifadə etməliyik. Hələ bügünkü gündə hazır olan və tətbiqinə başlana biləcək peyvəndlərdən söhbət getmir. Namizəd olan peyvəndlərin tətbiqinə gələn ilin aprelindən başlanılması gözlənir”.

"Bütün vətəndaşlardan xahiş edirik ki, sosial məsafəni gözləsinlər və maskadan istifadəyə xüsusi diqqət yetirsinlər. Koronavirusla mübarizədə tibb personalımızın əsgərlərimizin müalicəsinə cəlb olunduğunu nəzərə almalıyıq”. Bu sözləri Operativ Qərargahın üzvü Hikmət Hacıyev deyib və əlavə edib: "Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Vətəndaşlarımıza qapalı məkanlardan keçirilən ictimai tədbirlərdən kənar durmaq da xahiş olunur. Tibb personalımızın əsgərlərimizin müalicəsinə cəlb olunduğunu nəzərə almalıyıq”.
 
Hikmət Hacıyev Azərbaycana vaksinin gətirilməsi istiqamətində işlər görüldüyünü bildirib: "Koronavirusa qarşı vaksinlər hazır olduğu və onların yoxlamadan keçirildiyi təqdirdə Azərbaycana gətirilməsi istiqamətində aidiyyatı strukturlar tərəfindən işlər həyata keçirilməkdədir".