22:53, 25 Sentyabr 2020 (Cümə) 155

Natiq Cəfərli: “Kreditlərin qısamüddətli olması fermerləri müflis edir”

Natiq Cəfərli: “Kreditlərin qısamüddətli olması fermerləri müflis edir”
Bu il 1895 fermerə 18 mln. manatadək mikrokredit verilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə,  istehsalçılara ayrılan 51 mln. manatadək olan kreditin 15 mln. manatı heyvandarlıq sahəsi ilə məşğul olanlara ayrılıb. Həmçinin ötən dövrdə isə 4140 kənd təsərrüfatı texnikası və 5876 damazlıq heyvan alışı üçün aqrar sahə iştirakçılarına AKİA tərəfindən 64 mln. manatdan artıq güzəştli vəsait ödənilib. 

Bir sıra ekspertlərin fikrincə, kənd təsərrüfatı Azərbaycanda neft sahəsindən sonra  işçi qüvvəsinin sayı və gəlirinə görə potensiallı sahə hesab edilir. Ancaq buna baxmayaraq, 2020-ci ilin birinci yarısında istehsal olunan ÜDM 7%-i, 2019-cu ildə 7,3%-i kənd təsərüfatı məhsullarının üzərinə düşüb.

Ekspertlər deyir ki, kənd təsərrüfatı istehsalçılarını işə təşviq etmək məqsədilə bu əvəzsiz maliyyə dəstəyi dövlət büdcəsindən hər il ayrılır. 

Məsələn, 2018-ci ildə kənd təsərrüfatının inkişafı üçün 22 milyon manat subsidiya ayrılıb. 

AKİA müvəkkil kredit təşkilatları vasitəsilə fermerlərə verilən güzəştli mikrokreditlər 7-12 faiz dərəcəsi arasında dəyişir. Həmçinin kreditlər ən az 12 aya, ən çox isə 3 illik verilir.

Fermer Elçin Əzizov hesab edir ki, ayrılan məbləğ kənardan şirnikləndirici görünsə də, əslində, real vəziyyətdə bu krediti almaq çətinlik yaradır: "Kənd Təsərüfatı Nazirliyi krediti birbaşa fermerə vermədiyindən banklardan bunu almaq elə də asan deyil”. 

Fermerin sözlərinə görə, dövlət kənd təsərüfatına maliyyə dəstəyi ayırır, ancaq işin icraat hissəsi üçün dəqiq bir struktur müəyyən olunmayıb: "Məsələn, dövlət bir il deyir ki, qarğıdalı istehsalı inkişaf edir, gələn il hamı qarğıdalı əkir, beləcə məhsul artıqlığı yaranır. Fikrimcə, bu sahə üzrə dəqiq bir struktur, plan yaradılmalı, fermer təsərrüfatı bu plana uyğun  tənzimlənməlidir”.

Fermer bildirir ki, dövlət təsərrüfat sahiblərinin təşəbbüskarlığına maraqlı deyil. Belə ki, fermer biznes layihə hazırlayır, onu təqdim edir, amma dövlət layihənin icrasına maraq göstərmir. Bu da xırda sahibkarların təşəbbüskeşliyini azaldır.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, aqrar sahə bir çox hallarda inkişaf üçün zamana ehtiyacı olan sahədir.
 

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində kreditləşmənin əsas problemi yalnız onların yüksək faizlə verilməsində deyil, həmçinin uzunmüddətli verilməməsindədir: "Məsələn, bir fermer ən aşağı  7%-lə kredit alsa, 5 il bu kredit faizini ödəsə, götürdüyü vəsaitdən daha çox pul ödəmək məcburiyyətində qalacaq. Bu baxımdan beynalxalq təcrübədə olduğu kimi, kreditlər uzunmüddətli və götürüldüyü ilk illər faizsiz verilməlidir”.

İqtisadçı hesab edir ki, kreditləşmə prosesinə differensial yanaşmağa ehtiyac var. Fermerlərin iş istiqaməti üzrə kredit portfelininin ayrılmasının incəlikləri nəzərə alınmalıdır. Aqrar sahədə kredit verilməsinə ayrılan   müddət kreditin hansı faizlə verilməsi qədər əhəmiyyətlidir.

"Hökümət bu sahədə indiyədək ciddi irəliləyiş əldə edə bilməyib. Ən yaxşı halda fermerə krediti 3 ilədək verir ki, bu da aqrosahədə ciddi məşğul olmaq istəyən fermərə sərf etmir. Çünki ilk illərdə kredit sahibi qazanc götürmədiyindən, faiz ödəməsi onu müflis edir”, - deyə ekspert bildirir.

Roza Məmmədova