16:19, 11 Sentyabr 2020 (Cümə) 85

Koronavirusa yoluxmuş həkimlə bağlı imza kampaniyası keçirilir

Koronavirusa yoluxmuş həkimlə bağlı imza kampaniyası keçirilir
'Tibb işçilərinə köməklik göstərilməsi üçün edilən müraciətlərə deputatlar bir dəfə də olsa reaksiya verməyiblər”

Ağdam rayonunda həkim-ginekoloq kimi fəaliyyət göstərən Afət Hüseynova COVID-19 infeksiyasına yoluxub və iyulun 30-dan Bakıdakı Yeni Klinikada müalicə olunur. Həkimin yaxınları bildiriblər ki, Hüseynovanın vəziyyəti ağır olaraq qalır. O, oksigen cihazına bağlıdır, ağciyərlərinin 90 faizi tutuludur. Həkimin müalicəsinin dövlət tərəfindən nəzarətə götürülməsi üçün imza kampaniyasına başlanıb və artıq 1292 nəfər imzalayıb. Hüseynovanın ECMO aparatına qoşulmasına ehtiyac var. Sosial şəbəkədə bunun üçün Tibbi Ərazilərin İdarəetmə Birliyinə (TƏBİB) müraciət olunduğu da yazılıb.

Yeni Klinikadan da Meydan TV-yə TƏBİB-lə əlaqə saxlamağı tövsiyə ediblər. Lakin TƏBİB-dən Meydan TV-nin suallarını cavablandırmayıblar.

Bakıdakı xəstəxanaların birində çalışan həkim İlahə Kazımova bildirib ki, TƏBİB-ə edilən müraciətlər həmişə cavabsız qalır, əvəzində şikayət edənlərin az qala nəsli-kökü araşdırılır.

Adlarının açıqlanmasını istəməyən bir neçə həkim Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızının fikirlərinə münasibət bildirib.

Deputat koronaviruslu xəstələrlə işləmək istəməyən tibb işçilərini tənqid edib. O, Əmək Məcəlləsinə dəyişiklik edilməsini, həmin həkimlərin hətta özəl klinikalarda işlə təmin olunmamasını istəyib.

"Halbuki virusla mübarizə apararaq yoluxmuş tibb işçilərinə köməklik göstərilməsi üçün edilən müraciətlərə deputatlar bir dəfə də olsa reaksiya verməyiblər. Ölən həmkərlarımızın ailələrinə birdəfəlik yardım edilməsi ilə bağlı təkliflər səsləndirən olmayıb”, - həkimlər deyib.

Həmkarları bildiriblər ki, Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinin Akifə adlı tibb bacısı da COVID-19 infeksiyasına yoluxub və vəfat edib. O, infeksiyaya COVİD-li xəstələrin müalicəsi zamanı yoluxub.

Həkimlər deyiblər ki, Şirvan rayonunda ginekoloq işləyən Qalina Cabbarova da koronavirusdan vəfat edib.

Şirvanda daha bir həkim, kardioloq Qulam Hüseynov da sentyabr ayında koronavirusdan vəfat etmiş həkimlərdən biridir.

Mingəçevirdə də bir həkimin virusdan öldüyü verilən xəbərlər sırasındadır. Lakin avqust ayından indiyə kimi hakimiyyətyönlü mətbuatda koronavirusdan vəfat etmiş həkimlərlə bağlı heç bir məlumat verilməyib.

TƏBİB-dən isə virusa yoluxmuş Hüseynova, o cümlədən, ölən həkimlərlə bağlı sualı cavablandırmayıblar.