23:02, 24 Mart 2020 (Çərşənbə axşamı) 2157

Koronavirusla mübarizəyə ayrılan pullar hardandır?

Koronavirusla mübarizəyə ayrılan pullar hardandır?
"Bu onu göstərir ki, dövlət büdcəsində problem var” 

Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Son günlər ard-arda rəsmi qurumlar, özəl şirkətlər bu Fonda pul köçürürlər.  

İqtisadçı Azər Mehdiyev Toplum TV-yə deyir ki, belə bir fondun yaradılması az rast gəlinən təcrübədir. 

"Biz böyük ölkələrin təcrübələrinə baxsaq, onlar şirkətlərdən yardım toplamaq əvəzinə, özləri şirkətlərə yardım göstərirlər. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycanın dövlət büdcəsinin problemi var və ona görə də sahibkarlar pul köçürürlər. Bu fonda ianə etməkləri ilə bağlı da sahibkarlara müraciət olunub”, - iqtisadçı bildirir. 

Azər Mehtiyevin fikrincə, bu tipli fondların yaradılmasının hüquqi bazasının olub-olmaması özü də sual doğurur. Onun sözlərinə görə dövlət müəssisələrinin bu fonda ianə etmələri "ciddi hüquqi boşluqların göstəricisidir”.

Deputat: "Dövlət büdcəsi gəlirləri hesabına ianə edə bilər”

"Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən demək olar ki, bu büdcə təşkilatlarının büdcədənkənar, ödənişli xidmətlərdən gəlirləri var və onlar bu gəlirlərin bir qismini fonda yardım məqsədilə ianə edirlər”. 

Deputat Vahid Əhmədov bildirir ki, dövlət müəssisələri bu ianələri onlara ayrılmış büdcə vəsaiti ilə edirlər. Amma o da bəzi dövlət qurumlarının gəlirləri hesabına fonda pul köçürməsini istisna etmir: "Ola bilər ki, dövlət müəssisələrinin əlavə gəlir mənbələri də var. Bəzi təşkilatlar məsələn, cərimələrdən gəlir əldə edir və s”.

"...işçilərin maaşlarından könüllü şəkildə tutulmaqla həyata keçirilir” 

İqtisadçı Nazim Bəydəmirli büdcə təşkilatlarının bu prosesə qoşulmasını "xoşagələn addım” kimi dəyərləndirsə də, fonda ayrılan vəsaitlərin mənbələrinin açıqlanmasını məqsədəuyğun sayır.

"Bizdə nəcib işi kampaniyaçılığa çevirməyin ənənəsi var. Adətən kimsə könüllü addım atdıqdan sonra bütün dövlət qurumları və ya məmur-sahibkalara məxsus olan şirkətlər bu təşəbbüsü dəstəkləyirmiş kimi görünürlər. Amma bu fonda köçürülən pullar dövlət müəssisələrinin, büdcə təşkilatlarının bu vəsaiti hardan əldə etməsi ilə bağlı sual doğurur. Ehtimal edirəm ki, bu proses həmin qurumlarda çalışan işçilərin maaşlarından könüllü şəkildə tutulmaqla həyata keçirilir”. 

Pullar hara xərclənir?

Hələlik fonda ianələr haqqında məlumat verilsə də, onun hara, necə xərclənməsi haqda ictimaiyyət məlumatlandırılmır. 

Deputat Vahid Əhmədov başqa ölkələrlə müqayisədə Azərbaycanda dövlət büdcəsindən koronavirusla mübarizəyə ayrılan vəsaitin kifayət qədər az olduğunu, buna görə də ianələrə ehtiyac olduğunu deyir: "Bizdə 1 milyard ayrılıb. Bu ianələr də 1 milyard, milyard yarım olacaq. Mən hesab edirəm, bu vəsait də azdır. Koronavirusla mübarizəyə əsaslı vəsait tələb olunur. Həm əhalinin işləməyən hissəsinə, məsələn, əvvəllər günəmuzd işləyənlərə, indi işsiz qalanlara pul verilməlidir. Eləcə də dezinfeksiya işi aparılmalıdır. Bu da vəsait tələb edir. Amma əsas məsələ, ən ciddi məsələ ayrılan vəsaitin ünvanına çatmasıdır. Buna yəqin Nazirlər Kabineti yanında Operativ Qərargah nəzarət etməlidir”.

Nazim Bəydəmirli isə o fikirdədir ki, bu vəsaitlərin hansı istiqamətə xərclənməsi bəlli deyil. 

O, apteklərdə maska və spirt tapılmadığını deyir: "Fonda daxil olan vəsaitin xərclənməli olduğu istiqamətdə xərclənmədiyi aydın görünür”, - deyə o, əlavə edir.

Martın 24-nə olan məlumata görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 68,274,279 manat ianə toplanıb. 

Elməddin Şamilzadə