23:06, 10 May 2020 (Bazar) 1031

Limunət Əmrahlı: "Azərbaycan psixologiyası dibçəkdə böyüdülən otaq bitkisi kimidir”

Limunət Əmrahlı:
"Cəmiyyət psixolojiləşməyincə problemlərin həlli çətin olacaq”

Bu gün, 10 may Dünya Psixoloqlar Günü kimi qeyd olunur.

Toplum TV bununla bağlı psixoloq Limunət Əmrahlının fikirlərini öyrənib:

- Limunət xanım, Azərbaycanda psixologiya sahəsinin vəziyyəti necədir, bu barədə nələri düşünürsünüz? 

- Əvvəla, bütün həmkarlarımı peşə bayramı münasibəti ilə təbrik edirəm! Mənim nöqteyi-nəzərimdə Azərbaycan psixologiyası (onun etnopsixologiya qolu istisna olmaqla) dibçəkdə böyüdülən otaq bitkisi kimidir. Çünki hələ indiyə qədər Azərbaycanda ciddi tədqiqatlarla məşğul olan psixologiya laboratoriyası yaradılmayıb. Biz əsasən elmi təhlillərə, anket sorğularına və digər empirik metodlara əsaslanaraq tədqiqatlar aparırıq. Halbuki hələ XX sərin əvvəlindən psixologiya elmi eksperimental elm kimi qəbul edilib. Ciddi eksperimental sınaqlardan keçirilməyən faktlar bu elmdə qəbul edlmir. Digər məsələ hələ neçə il əvvəl psixologiyanın dəqiq elmlər siyahısına daxil edilməsidir. Deməli, psixologiyanın faktları da riyazi-sitatistik, hazırda isə data-analitik hesablamalara, korrelyasiya metodlarna əsaslanmalıdır. Təəssüf ki, biz hələ nə elmi mühitimizi, nə də kadr hazırlığımızı bu səviyyəyə çatdıra bilməmişik. Nə qədər ki, bu problemlər həll edilməyib, biz yalnız dünya elmində əldə edilmiş faktları təkrarlayaraq onun ardınca getməli olacağıq. Başqa yolumuz da yoxdur. 

- Sizcə, ölkəmizdə psixologiya elminin tədrisi eləcə də, psixoloji xidmətin təşkili hansı səviyyədədir?

- Son illər psixologiya kafedralarında müəyyən dəyişmələr gedir. Bu elmin yenilikləri ilə ayaqlaşmaq cəhdləri artıb. Ancaq bu hələ çox azdır. Azərbaycanda elmlərin bir çox sahələri kimi, psixolgiyann tədrisində də köklü dəyişikliklər getməli, xüsusən prakrik psixoloq hazırlığına diqqət artırılmalıdır. Təəssüf ki, bizim bakalavr, bir çox hallarda hətta magistratura pilləsini bitirən məzunların bökük əksriyyəti sadə idrak proseslərinin, şəxsiyyət, emosiya, intellekt və digər sahələrin diaqnostika və korreksiyası üzrə bacarıqlara, peşə səriştələrinə malik olmurlar.Psixoloji xidmətə gəldikdə, burda vəziyyət bir qədər yaxşıdır. Məzunlar bazar iqtisadiyyatının tələbləri ilə ayaqlaşmaq üçün özünütəhsilə üstünlük verirlər. Müxtəif yollarla praktik təcrübəyə yiyələnməyə çalışırlar. Xaricdə təhsil alırlar, müxtəlif tədbirlərə qoşulurlar. Bir sözlə, artıq bu sahdə ciddi inkişaf başlayıb. Ümid edirəm ki, akademik təhsildə də belə inkişaf başlayacaq. 

"Təhsil Nazirliyinin bu sahəyə biganə, ögey münasibətinə rəgmən...”

- Azərbaycanda psixoloqlarla əhalinin əlaqəsi sizi qane edirmi?

- Son illər əhalinin psixoloji xidmətə inamı və marağı artıb. 5 il əvvəl belə deyildi. 10 il əvvəl heç belə deyildi. 2006-cı ildə Azərbaycanda mənim təhsildə psixoloji xidmətin əsasən bütün istiqamətlərni əhatə edən "Psixoloji xidmətin əsasları” dərs vəsaitim nəşr ediləndə onun girişində mən psixoloqların qarşısında ilk növbədə məhz "insanların inamını, etibarını qazanmaq” vəzifəsinin durduğunu qeyd etmişdim. Eyni zamanda, prof. Ə.Əlizadə həmin kitaba yazdığı sözönündə məktəb psixoloqlarının yalnız müəyyən maarifləndirmə və diaqnostik bacarıqlara mailk olduqlarını təsəssüflə qeyd etmişdi. Ondan sonra psixoloji xidmət seriyasından onun əsas sahələrini əhatə edən 5 adda əsərlərim nəşr edildi. Digər müəlliflərin də xeyli sayda praktik sahəyə həsr edilmiş əsərləri nəşr edilib. İndi vəziyyət xeyli dəyişib. 2019-cu ilin dekabr ayında məktəb psixoloqları "Diaqnostik Qiymətləndirmə" sınağından keçdilər. Düşünürəm ki, bu sınaqdan böyük uğurla çıxdılar. Təhsil Nazirliyinin bu sahəyə biganə, ögey münasibətinə, psixoloqlarını peşə səriştələrinin artırılması üçün dövlət hesablı heç bir öyrədici, inkiaşfetdirici kurslar təşkil etməməsinə rəgmən yüksək nəticələr göstərdilər. Özəl sektorda peşəkarlıq daha yüksəkdir. Bu da, məlum məsələdir ki, həmin sahədə çalışanları özünütəhsili sayəsində mümkün olub.  

"Cəmiyyətdə hələ də bir çoxları tərəfindən psixoloji problemlər ucdantutma xəstəlik kimi qəbul edilir”

- Bəzi insanlar psixoloqlara müraciət etməkdən, onunla görüşməkdən çəkinirlər buna səbəb nədir?

- Azərbaycanda psixoloji xidmət ötən əsrin 90-cı illərindən yaranmağa başladı. Buna qədər bütün psixoloji problemlərlə ya psixiatrlar, ya da nevropotoloqlar məşğul idilər. Onlar isə, məlum məsələdir ki, öz pasiyentlərinə də bu baxımdan yanaşıblar: resept yazmaq, onun durumunu hansısa xəstəliklə əlaqələndirmək. Əslində, insan psixikasının və şəxsiyyətini çoxsaylı problemləri məhz onların sosial həyatı ilə bağlı olur. Həmin problemlərin aradan qaldırılması isə həkimlər deyil, praktik psixoloqlar məşğul olmalıdır. Cəmiyyətdə hələ də bir çoxları tərəfindən psixoloji problemlər ucdantutma xəstəlik kimi qəbul edilir. Yəni "psixoloqa gedən şəxs psixikası pozulmuş şəxsdir, deməli onunla ehtiyatlı omaq lazımdır” prinsipi ilə yanaşılır. Bu münasibət son zamanlarda müəyyən qədər dəyişib. İnsanların bir çoxu psixoloqa inanırlar, gedirlər, yararlanırlar. Düzdür, bu, arzuladığımız səviyyədə deyil, ancaq inkişaf var. Yaxın illərdə şübhəsiz ki, psixologiya elminin insanda dəyişmələr yaratmaq imkanlarına inam daha da artacaq. Hər kəs bu elmi öyrənməlidir, çünki bu hər birimizə aiddir. Azərbaycan cəmiyyəti psixolojiləşməyincə, problemlərimizi həll etmək də çətin olacaq. Çünki biz ilk növbədə özümüzü fərd olaraq, şəxsiyyət, subyekt olaraq dərk etməli, milli kimliyimizi anlamalı, ona tapınmalı və tanımalıyıq. Bunun yolu psixologiyanı öyrənməkdən və mənimsəməkdən keçir.

Türkay Zadə