23:16, 30 May 2020 (Şənbə) 247

"Ölkədə islahat yoxdur, həbs var"

Uzun müddətdir ki, hakimiyyət islahatdan danışır, kadr dəyişiklərindən bəhs edir, ölkə prezidenti "heç kim siyasi baxışlarına görə təqib olunmamalıdır” deyir. 

Ancaq eyni zamanda müxalif fikirli insanların həbsi davam edir, İlham Əliyev isə çıxışında müxalifəti "içimizdə oturan düşmən” elan edir: "Biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o "beşinci kolon"dan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik”.

İslahatlarla bağlı çıxışların fonunda həbslərin davam etməsi, hakimiyyətin tənqidçilərinin təqibi belə bir sual yaradır: "Müxalif fikirli insanların həbsi islahatdırmı?”

"Turan" agentliyinin direktoru Mehman Əliyev Toplum TV-yə dövlət başçısının çıxışlarının ziddiyyətli olduğunu deyir: "Hakimiyyət müxalif fikirləri qəbul etmir. Reallıq budur və buna görə də siyasəti bu formada aparır”.
 

 
O, son iki ayda aparılan həbslərlə bağlı isə "bu cür həbslər hər zaman olub” söyləyir.

"İslahatın olması üçün hansısa islahat proqramı olmalıdır, amma proqram yoxdur. Ona görə də bizdə islahatlar yoxdur, həbslər isə var”,- Mehman Əliyev bildirir.

ReAL partiyasının icraçı katibi Natiq Cəfərli isə bu durumdakı ziddiyəti "qanunvericilikdə siyasi baxışların hansısa maddə ilə tənzimlənməməsi” ilə açıqlayır. Bu səbəbdən də bu şəxslərin siyasi baxışlarına görə həbsini sübut etməyin mümkün olmayacağını deyir.
 

 
"Qanunvericilikdə siyasi baxışların tənzimlənməsinə görə hər hansı maddə olmadığı üçün bu şəxslərin həbsi müxtəlif maddələr əsas gətirilərək həyata keçirilir. Bu da bəyan olunanla reallıq arasında ciddi ziddiyət yaradır”, - Natiq Cəfərli söyləyir. Amma o, bunu da qeyd edir ki, siyasi mənsubiyyət məsuliyyətdən yayınmağa haqq qazandırmır.

"Mənsubiyyət məsuliyyətdən yayınmağa əsas vermir. Ancaq bizdəki məhkəmə və hüquq-mühafizə orqanları icra orqanlarının basqısı altında olduğuna görə, haqlı səbəblərdən son həbslər şübhə və ehtimal yaradır ki, bu şəxslərin saxlanılmasının əsas səbəbi məhz siyasi fəaliyyətdir”, - ReAL-ın icraçı katibi izah edir.

Bununla belə, Natiq Cəfərli də müxalif fikirli şəxslərin həbsini islahata  dəxli olmadığını və ölkədə islahat yox, kadr dəyişikliyi aparıldığını vurğulayır.

Millət vəkili Fazil Mustafa da siyasi fikrinə görə heç kəsin həbs olunmadığını bildirir. 

O da hesab edir ki, cinayət törədənlərin partiya mənsubu olması onları məhsuliyyətdən azad etmir. 

"Prezident öncə özündən başlamalıdır”

Araşdırmaçı jurnalist Xədicə İsmayıl yaranmış durumdan danışarkən bildirir.
 

 
"Əlbəttə ki, islahat yoxdur, islahatın, sadəcə, imitasiyası var”, - jurnalist əlavə edir.

O, islahat apardığını deyən hökümətin atmalı olduğu addımlardan da danışır: "Birincisi, məhkəmə hakimiyyətinin müstəqilliyi, ikincisi, məmurların gəlir deklorasiyasının verilməsi təmin olunmalıdır. Bu addımları atmağa prezident öncə özündən başlamalıdır. Nə zaman bu addımlar atılacaq, o zaman ölkədə islahatın var olduğunu deyə bilərik, hələlik ölkədə islahat yoxdur”.

Elməddin Şamilzadə