20:32, 26 İyun 2020 (Cümə) 578

Magistratura imtahanlarının nəticəsi açıqlanıb

Magistratura imtahanlarının nəticəsi açıqlanıb
Dövlət İmtahan Mərkəzi 2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistratura pilləsinə keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb. 

İmtahanın nəticələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell , Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Məlumatda bildirilir ki, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. 

Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. 

Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur.

Ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunanlar 2020-ci il iyulun 6-dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Məlumatda boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtının elan olunacağı qeyd edilib.

Qəbul olunanların siyahısı "Magistr” jurnalının 5-ci sayında da dərc olunacaq.

Vüsalə Mikayıl