18:05, 22 Sentyabr 2020 (Çərşənbə axşamı) 158

“Mədəniyyət Nazirliyi ləğv olunmalıdır” – ADO-nun rəhbəri Elmin Bədəlov

“Mədəniyyət Nazirliyi ləğv olunmalıdır” – ADO-nun rəhbəri Elmin Bədəlov


Keçdiyimiz günlərdə Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov Fəxri adların verilməsi proseduru dəyişiləcəyini bildirib.
 
Milli Məclisin Mədəniyyət komitəsinin keçirilmiş iclasında Anar Kərimov deyib ki, Fəxri adlar verilən şəxslər öz üzərlərinə müəyyən öhdəliklər götürəcəklər:

"Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər. Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən sui-istifadə halları olub, müəyyən hüquqi mexanizmə mexanizmi hazırlanmalıdır. Mədəniyyət sahəsində xidmətləri olan şəxslər mükafatlandırılmalıdır.  Bizim məqsədimiz odur ki, onlar cəmiyyəti narahat edən məsələlərlə bağlı vətəndaş mövqeyi bildirsinlər”.

Ancaq ADO (Azərbaycan Dağınıq Oda) teatrının təsisçisi Emin Bədəlov bildirib ki, nazir müaviniylə razı deyil.
 
O, Mədəniyyət Nazirliyinə də, orda çalışanlara da ehtiyac olmadığını düşünür. 

"Mədəniyyət azad olmalıdır. Maaşlar və texniki məsələlərin həlli üçün hansısa bir qurum ola bilər. Sovet dövründən bu günə qədər fəxri adlar vasitəsilə incəsənət adamlarını idarə etməyə, əldə saxlamağa çalışıblar. O adları alan şəxslər rəsmi də olmasa, qeyri-rəsmi şəkildə müəyyən öhdəliklər icra ediblər, özünüsenzuraya məruz qalıblar.. Məncə, fəxri adların verilməsi dayandırılsa və nazirlik ləğv olunsa, bu, mədəniyyətin inkişafı üçün böyük təkan olacaq”.

Xalq artisti Flora Kərimova : "Öhdəliklə vətənpər olunarmı?”
 

 
"Bir insan ki, öhdəliklə həmrəyliyə çağırır, o adamın səmimiyyətinə necə inanmaq olar? Mən düşünürəm ki, nazir müavini incəsənət xadimləri arasındakı soyuqluğu görüb və onları canlandırmaq istəyib, öhdəlik dedikdə bunu nəzərdə tutub. Yəni siz bu vətəndən ad alırsınız və hər şeydən əvvəl siz vətəndaşsınız. Nazir müavini yaxşı bilir ki, öhdəliklə vətənpərlik olmaz.
Öhdəlik, bilirsiniz, nədir? Karantin rejimində vətəndaşların üzərinə qoyulan "Ay vətəndaş, sağlamlığınızı qoruyun və küçəyə çıxmayın” - çağırışıdır. Lakin dövlətin də borcudur ki, vətəndaş küçəyə çıxmayanda ona maddi təminat versin. Çünki hər kəsin evində xəstəsi, ailəsi, böyüyü, kiçiyi var. Məmurlar maddi təminatı cibinə qoyub insanları aldadanda bütün iradlar birbaşa hakimiyyətə gedir. Nazir müavini yəqin demək istəyib ki, "küçəyə çıxmayın" çağırışına küsürsünüz, gileylənirsiz ki, necə dolanacağıq, bəs vətən darda olanda niyə reaksiya vermirsiniz? Yüksəkliklər alınandan, şəhidlər veriləndən sonra hərbi paltar geyinib şəkil çəkdirirsiniz. Ən əvvəl düşüncəli vətəndaş olmaq lazımdır” - bunları isə "Toplum TV"yə xalq artisti Flora Kərimova deyib.
 
Aktyor İlqar Cahangir də fəxri adların ləğv olunmasını istəyənlərdəndir: "Amerikada, Fransada "xalq artist”i varmı? Orada sadəcə məşhur aktyorlar var. Məncə, öhdəliyin məğzi budur ki, kim höküməti tərifləsə, ad veriləcək, kim tərifləmirsə, ad verilməyəcək”.

Zərifə Novruz