17:29, 10 Avqust 2020 (Bazar ertəsi) 601

Məhkəmə AXCP fəalının həbs qərarını qüvvədə saxladı

Məhkəmə AXCP fəalının həbs qərarını qüvvədə saxladı
Bakı Apellyasiya Məhkəməsi hakim Vaqif Mursaqulovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron rayon şöbəsinin fəalı Müşfiq Quliyev barəsində Bakının Nəsimi rayon Məhkəməsinin həbs qərarını qüvvədə saxlayıb. Müşfiq Quliyevin özü məhkəmədə iştirak etməyib.

Müşfiq Quliyev Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki döyüşlərdə Azərbaycan Ordusuna dəstək məqsədi ilə iyulun 14-15-də Bakıda keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırlmış cinayət işi əsasında iyulun 30-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə tabe olmamaq) maddələri ilə ittiham irəli sürülüb və Nəsimi rayon Məhkəməsinin qəraraı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkil Hafiz Həsənov Amerikanın Səsinə deyib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək.

"Məhkəməyə bildirdim ki, cinayət işi həbs üçün əsas yaratmır. Çünki ittihamı sübut edəcək hər hansı əsas yoxdur. Bugünki məhkəmədə də ittihamı sübut edəcək hər hansə əsas təqdim edilmədi. Bu səbəbdən məhkəmədən cinayət işinə xitam verilməsi və Müşfiq Quliyevin isə bəraətverici əsasla həbsdən azad edilməsi barədə vəsatət verdim. Amma, məhkəmə Nəsimi rayon Məhkəməsinin həbs qətimkan tədbiri qərarını qüvvədə saxladı,” vəkil qeyd edib.

Həsənov avqustun 4-də Qulievun hüquqlarının müdafiəsi ilə bağlı müqavilə bağlamasına baxmayaraq istintaq orqanı hələ də onu müdafə etdiyi şəxsə təqdim etməyib. O bununla bağlı Baş Prokurorluğa şikayət etdiyini bildirib.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 47 nəfər fəalı həbs edilib.

"Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 16 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 13 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 42 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.
 
amerikaninsesi.org