18:35, 23 Sentyabr 2020 (Çərşənbə) 71

Milli Məclis Qüdrət Həsənquliyevin məsələsinə baxa bilər

Milli Məclis Qüdrət Həsənquliyevin məsələsinə baxa bilər
"Qüdrət Həsənquliyevin məsələsinə baxıla bilər”.

Bu sözləri Milli Məclisin(MM)  İntizam komissiyasının katibi Nurlan Həsənov "Report”a açıqlamasında deyib.

O bildirib ki, Milli Məclisin İntizam komissiyasının üzvləri bununla bağlı məsləhətləşmə apararaq məsələyə baxa bilər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə "Report"a  deyib ki, Azərbaycan Ordusu qadın, uşaq və yaşlılara qarşı müharibə aparmır:

"Azərbaycan Ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını daim öz fəaliyyətində rəhbər tutub. Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir. 2016-cı ilin aprel döyüşlərində, bu il 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşma zamanı biz bir daha bunun şahidi olduq. Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinin hədəfli şəkildə artilleriya atəşinə tutulması nəticəsində 76 yaşlı vətəndaşımız Əziz Əzizov həlak oldu”.

H.Hacıyev qeyd edib ki, hər kəs orduya və dövlətə ləkə yaxa biləcək təxribatçı açıqlamalardan çəkinməlidir: "Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi. Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək”.

Q.Həsənquliyev "Azərbaycan 24” saytına müsahibəsində "Paşinyan Tovuz  istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəyi anı səbirsizliklə gözləyirlər”, - deyib.

Elmar Əziz