13:29, 22 Sentyabr 2020 (Çərşənbə axşamı) 276

Mirvari Qəhrəmanlı: "Fəhlələri işdən çıxarmaq üçün qeyri-qanuni imtahan keçirilir"

Mirvari Qəhrəmanlı:
"ARDNŞ qərarı Əmək Məcəlləsinə ziddir” - Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı belə deyir. 
 
Onun sözlərinə görə, "Neft hasilatının azalması nəticəsində 2000-ə qədər quyu bağlanıb. ARDNŞ aprelin 26-da qərar çıxararaq bağlanmış yataqlarda çalışan fəhlələri işdən azad etmək üçün qeyri-qanuni olaraq imtahan keçirilir. İşçilərdən yalnız 5 ildən bir imtahan götürmək olar. Bu qərar Əmək Məcəlləsinə ziddir”. 

Bu sahədə ədalətsizliklərin çox olduğunu vurğulayan hüquq müdafiəçisi iş şəraitinin ağırlığına, əmək haqqının iş şəraitinə uyğun olmamasına diqqət çəkir: "Müvəqqəti əmək müqavilələri bağlayır, sonra da fəhlələri işdən çıxarırlar. İşçi haqqını tələb edə bilmir. Haqqını tələb edən işçini işdən qovurlar. 

2020-ci il martın 16-da SOCAR-la birlikdə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyev bir əmr imzaladı. Həmin qərara görə neftçilərin iş qrafiki dəyişdirildi. Onlar ağır şəraitdə 1 aydan artıq işləməli oldular. Bu, işçilərin sağlamlığına və psixoloji durumuna mənfi təsir etsə də, onlara ikiqat əməkhaqqı ödənilmədi, neftçilərimizi ödənişsiz çalışmağa məcbur etdilər. Bu, çox böyük qanun pozuntusudur”. 

Mirvari Qəhrəmanlı deyir ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər işəgötürənlərin xeyrinədir: "Son 10 ildə Məcəlləyə 300-dən çox dəyişiklik edilib. Deputatların əksəriyyət işəgötürən olduğu üçün dəyişikliklərin çoxu işçilərin ziyanına olur. Müşavirlərin, əmr verənlərin, vəzifəli şəxslərin sayı işi icra edənlərin, yəni fəhlələrin sayından çoxdur. Bunun da səbəbi neft sənayesində qohumluq əlaqələrinin güclü olmasıdır. Bu da sıravi neftçilərin əmək haqlarına təsirsiz ötüşmür”. Neft sənayesində tez-tez kütləvi ixtisarlar olduğunu bildirən Mirvari Qəhrəmanlı bunun səbəbini hasilatın azaldılmasında görür.

Ekspert əməkhaqlarının ödənilməsi probleminə də diqqət çəkir: "Bu problem sahibi dəqiq bilinməyən əməliyyat şirkətlərindən qaynaqlanır. Buna misal olaraq "Bahar Enerji” Əməliyyat Şirkətini göstərə bilərəm. İşçilərə zorla ərizə yazdırıb əməkhaqlarını azaldırlar, sonra da maaşları 2-3 ay gecikdirirlər. Xarici mütəxəssislərə yerli işçilərdən daha çox əməkhaqqı verilir”.

İşçi hüquqlarının müdafiəsilə məşğul olan Çingiz Topçiyevin sözlərinə görə, hazırkı vəziyyətdə Əmək Məcəlləsi neftçilərin hüquqlarını qorumur: "Azərbaycanda bütün iş sahələrində olduğu kimi, neft sektorunda da işçilərin hüquqları mütəmadi olaraq pozulur. Əmək Məcəlləsinin bir çox bəndləri məhz fəhlələrin hüquqlarının pozulmasına xidmət edir. Üstəlik, bu sənəd ölkənin heç də hər yerində tətbiq olunmur. 

Əvvəllər neftçilər buna etirazlarını bildirirdilər, kortəbii də olsa, kiçik tətillər təşkil edirdilər. İndi bu da yoxdur”. 

Çingiz Topçiyev həmkarlar ittifaqlarının qüsurlu fəaliyyətinə də diqqət çəkir: "Həmkarlar ittifaqlarının müstəqil fəaliyyət göstərə bilməməsi və ya heç olmaması  Azərbaycandakı siyasi vəziyyətdən, təkpatiyalı idarəetmə sistemindən qaynaqlanır. Bu sistem həmkarlar ittifaqlarının fəaliyyətini iflic vəziyyətə salıb. Neft sektorunda çalışan fəhlələrin əksəriyyəti kollektiv müqaviləylə işə götürülür və elə orda da bir həmkarlar ittifaqlarına bağlanırlar, maaşlarından bu qurumlara ödənişlər edirlər. Fəhlələrin maraqlarını qorumağa söz verən həmkarlar ittifaqları bu vədlərinə əməl etmirlər. Çünki sistem sahiblərinin əlindədirlər, işçi haqlarının pozulmasına göz yumurlar. 

Azərbaycanda neftçilərin hüquqlarını qorumaq üçün edilə biləcək tək şey azad həmkarlar ittifaqlarının yaradılması və ya fəhlələrin siyasətə təsir etmək şanslarının olmasıdır”. 

Hüsü Xanlarlı