11:20, 12 Dekabr 2019 (Cümə axşamı) 139

Moskva Berlinə cavab verəcək

Moskva Berlinə cavab verəcək


/ DÜNYA
Dekabrın 12-də Rusiya Almaniyanın Moskvadakı səfirini çağıraraq Berlindəki səfirliyin iki əməkdaşının ölkədən çıxarılmasına cavabını bildirəcək.
 
AzadlıqRadiosunun verdiyi məlumata görə, səfir Geza Andreas von Geyr Rusiyanın Xarici İşlər Nazirliyinə çağrılıb. Bu haqda Rusiyanın xəbər agentlikləri adını çəkmədikləri mənbəyə istinadla yazır.

Almaniya ötən həftə Rusiyanın iki diplomatını ölkədən çıxarıb. Federal Prokurorluq dekabrın 4-də bildirmişdi ki, 40 yaşlı çeçen əsilli gürcüstanlının Berlində qətlini ya Rusiya hökumət agentliklərinin, ya da Çeçenistan regional agentliklərinin sifariş etməsinə "yetərincə faktiki dəlil var”.

Zelimkhan Khangoshvili avqustun 23-də Berlindəki Kleiner Tiergarten parkında başından iki dəfə güllələnib. O, Rusiyanın Çeçenistan regionunda separatçılarla çiyin-çiyinə vuruşmuş, illər sonra ailəsi ilə Almaniyaya köçərək oradan sığınacaq istəmişdi.

Bu qətllə əlaqədar Rusiya pasportu daşıyan 49 yaşlı bir kişi saxlanıb. 2013-cü ildə rusiyalı biznesmenin qətlində də adı hallanan həmin şübhəli susmaq hüququndan istifadə edib.

Moskva bu işdə dövlətin əli olmasıyla bağlı iddiaları rədd edib.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Almaniyanın "əsassız və qeyri-dost hərəkətlərinə” qarşılıqlı cavab verməli olacaq.