18:20, 25 Sentyabr 2020 (Cümə) 108

Müdafiə Nazirliyi: "Döyüş hazırlığı üzrə məşğələlər keçirilir"

Müdafiə Nazirliyi:
Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Nazirliyin məlumatında bildirilir ki, Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir. 

Məlumatda məşqlər zamanı plana əsasən, həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilən bölmələrin mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirdiyi bildirilir.

"Məşğələlərdə əsas məqsəd komandirlərin bölmələri idarəetmə bacarıqlarının praktiki yoxlanılmasıdır. Bununla yanaşı onların döyüş, vəziyyəti qiymətləndirmə və yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbuletmə vərdişlərinin daha da təkmilləşdirilməsi də həyata keçirilir”, - yayılan məlumatda deyilir.

Müdafiə Nazirliyindən deyilir ki, praktiki məşğələlərə cəlb edilən bölmələrin şəxsi heyəti mühəndis qoşunlarında silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarının effektiv istifadəsi üzrə bacarıqlarını təkmilləşdirirlər. 

Həmçinin məşğələlər zamanı əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarından tətbiq edilməsinə yönəldiyi də bildirilib: "Mühəndis yol bölmələri tərəfindən ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, məftil maneələrin dəf edilməsi və digər tapşırıqlar da praktiki icra edilir”.

Elməddin Şamilzadə