15:40, 23 Sentyabr 2020 (Çərşənbə) 121

Müdafiə Nazirliyi: "Qüdrət Həsənquliyevin fikirləri hərbi qanunlara ziddir"

Müdafiə Nazirliyi:
Müdafiə Nazirliyi Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin fikirləri ilə bağlı açıqlama yayıb.

Məlumatda bildirilib ki, bu cür fikirlərin səsləndirilməsi xalqın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə, Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə, hərbi qanunlara ziddir:  "Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir”.

"Xocalı faciəsi, 2016-cı ilin Aprel hadisələri zamanı mülki şəxslərin, 2017-ci ilin iyulunda azyaşlı Zəhra və onun nənəsinin, eləcə də 2020-ci ilin iyulunda 76 yaşlı kənd sakini Əziz Əzizovun qətlə yetirilməsi və digər qanunsuz qətllər Ermənistanın beynəlxalq humanitar hüququn təməl prinsip və normalarını kobud pozmasının bariz nümunəsidir”,  - nazirliyin açıqlamasında qeyd olunur. 

Nazirlik sonda qeyd edib ki, Azərbaycan Ordusunun yalnız bir məqsədi var - işğal olunmuş ərazilərimizi azad etmək. Ordu bu məqsədə çatmaq üçün tam hazırdır.

Q.Həsənquliyev "Azərbaycan 24” saytına müsahibəsində "Paşinyan Tovuz  istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəyi anı səbirsizliklə gözləyirlər”, - deyib.

Elmar Əziz