11:53, 29 İyul 2020 (Çərşənbə) 462

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin polisə aparıldığı deyilir

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin polisə aparıldığı deyilir
Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin bu gün, iyulun 29-da səhər saatlarında Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının mətbuat xidmətindən məlumat veriblər.

Partiyadan bildirildiyinə görə, səhər saatlarında altı nəfər gəlib və F.Kərimlini Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar: "Fərəc Kərimliyə deyilib ki, o, 14 iyul hadisələri çərçivəsində dindiriləcək".

Partiyadan vurğulayıblar ki, F.Kərimli həmin aksiyada iştirak etməyib.

Bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Müsavat Partiyası rəhbərliyindən qeyd edilib ki, repressiyalar dayandırılmalıdır. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi repressiyaların aparılması ilə bağlı fikirləri qəbul etmirlər.

Fərəc Kərimli qardaşı Sirac Kərimli ilə birlikdə 2014-cü ilin iyul ayında narkotik maddə saxlamaq və satmaq ittihamı ilə həbs olunublar. F.Kərimli 6 il 6 ay, S.Kərimli isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sonradan F.Kərimlinin cəzası 3 ilə qədər endirilib. S.Kərimli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa çıxıb.

F.Kərimli isə 2016-cl il oktyabrın 4-də Amnistiya Aktına əsasən, azadlığa buraxılıb.

O və qardaşı ittihamları qəbul etməyib.

Bu il iyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb.

Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar.

"Müdafiə xətti" adlı hüquq-müdafiə təşkilatının bildirməsinə görə, həmin hadisələrlə əlaqədar 30 civarında şəxs istintaqa cəlb edilib. Məlumata görə, həbs olunan şəxslərin10 nəfərdən çoxu AXCP üzvləridir. Onlar, əsasən, Cinayət Məcəlləsinin (CM) 186.2.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 233 (ictimai qaydanın pozulması) və 315 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrini pozmaqda təqsirləndirilir. Daha bir neçə cəbhəçinin də əlavə olaraq CM-nın 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddəsi üzrə də günahlandırıldığı bildirilir.

Həbs edilənlərdən bir neçə şəxsin isə ayrı-ayrı təşkilatlara mənsubluqları bildirilir. Həmin təşkilatlar da üzvlərinə ittihamı əsassız sayırlar.

AXCP-dən verilən məlumata görə, onların daha bir çox üzvləri bu günlər saxlanaraq karantin qaydasını pozmağa görə inzibati qaydada həbs edilib. Bəzi üzvlərinin isə saxlanıb buraxıldığı deyilir. AXCP də ittihamların yalan olduğunu, həmin əməlləri törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib.