21:25, 17 Sentyabr 2020 (Cümə axşamı) 169

Natiq Cəfərli: “İstehsalda artım varsa nədən idxal da artır?”

Natiq Cəfərli: “İstehsalda artım varsa nədən idxal da artır?”
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2020-ci ilin yanvar-avqust aylarında kәnd tәsәrrüfatının ümumi mәhsulu 2019-cu ilin səkkiz ayı ilә müqayisәdә 1,9 faiz artıb. Komitənin məlumatında bitkiçilik mәhsullarının istehsalının 0,6 faiz, heyvandarlıq mәhsulları istehsalının 3,2 faiz artığı deyilir. 

"0,6 artım o qədər də böyük artım göstəricisi deyil. Ümumiyyətlə statistik gösəricilərdə 2 faizə qədər olan göstəricilər o qədər də əhəmiyyətli sayılmır”. Pandemiya dövründə kənd təsərrüfatı sahəsindəki cüzi artım haqda Toplum TV-yə ReAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli danışır. O, rəsmi məlumatdakı cüzi artımı şübhə altına alır.  

İqtisadçı bəzi ölkələrdə statistikanı dövlətdən əlavə qeyri-hökümət təşkilatları, sənayeçilər və kənd təsərrüfatçıları birliklərinin apardıqlarını, bunları tutuşdurularkən real rəqəmlərin ortaya çıxdığını söyləyir. 

"Azərbaycanda təəssüf ki, statistika sırf dövlətin əlindədir və buna görə də elan etdikləri rəqəmləri dəqiqləşdirmək mümkün deyil. Əslində rəsmi elan olunan rəqəmlər elə də böyük artımın olduğunu göstərmir. Yəni əllərində imkan var, daha böyük rəqəmlər yaza bilərdilər. Görünən odur ki, real vəziyyət daha ağır olduğu üçün artım göstəriciləri də o qədər də böyük deyil”.

Natiq Cəfərli sual edir ki, istehsalda əgər artım varsa nədən idxal da artır?

"Mən düşünmürəm ki, göstəricilər reallığı əks etdirir. Amma Azərbaycanda ən böyük problemlərdən biri alternativ statistik bazanın yaradılmasıdır ki, bu tip məlumatlar ortaya çıxarkən onu dəqiqləşdirmək, ölçmək mümkün olsun. İndiki dönəmdə maldarlıqda artım varsa nədən idxal da artır? Son 3 ilin rəqəmlərini götürdükdə görürük ki, maldarlıqda idxalda artım var. Ölkəyə diri heyvan və ət məhsullarının idxalı sürətlə artır. Əgər yerli istehsal artırsa nədən idxal da artır? Bax burda təzadlar yaranır. Ona görə də dolayı rəqəmlərlə rəsmi statistikanı şübhə altına almaq olur”. 

İqtisadçinin qənaətincə, qarşıdakı aylar daha konkret danışmağa imkan verəcək, yəni idxalda artım davam edəcəksə, demək artım tempi haqqında rəsmi rəqəmlər həqiqəti əks etdirmir.

Zülfiyyə Quliyeva