19:19, 16 Sentyabr 2020 (Çərşənbə) 113

Naxçıvanda tədris prosesi necə keçirilir?

Naxçıvanda tədris prosesi necə keçirilir?
"Naxçıvan Muxtar Respublikasında dərslər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris planına uyğun keçirilmir”. 

Naxçıvanda yaşayan mənbə Toplum Tv-yə belə deyib. 

Adının açıqlanmasını istəməyən şəxsin sözlərinə görə,  muxtar respublikada dərslər onlayn şəkildə keçirilmir.

"Dərslər ənənəvi qaydada keçirilir. Sadəcə siniflər iki hissəyə bölünüb. Əgər bir sinifdə 30 nəfər varsa, onun 15-i səhər, digər yarısı isə günorta oxuyur. Dərslərin müddəti də 45 dəqiqədən 20 dəqiqəyə endirilib”, - mənbə deyib.

Sosial şəbəkələrdə də eyniməzmunlu məlumatlar paylaşılır, Naxçıvan MR-da Nazirlər Kabinetinin qərarlarına əməl olunmadığı vurğulanır.

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub. 

Plana əsasən, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Mətbuat Xidmətindən Toplum Tv-yə hansı tədris metodundan istifadə edildiyini bilmədiklərini deyiblər: "Naxçıvan ərazisində tətbiq olunan ənənəvi tədris prosesi haqqında məlumatımız yoxdur”.

Elməddin Şamilzadə