16:28, 29 May 2020 (Cümə) 1674

“Nazir cavab verməyə borcludur”

“Nazir cavab verməyə borcludur”
"Nazirin əmək haqqını hər kəs bilir, hətta yüz ilə o 4,2 milyon dollar edə bilməz”

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun Nyu-Yorkda 4.2 milyon dollara iki mənzil aldığı deyilir. 
 
Bu barədə ilk olaraq jurnalist Cavanşir Həsənli yazıb. 

"Turan" informasiya agentliyinin əməkdaşı Ələkbər Raufoğlu nazirin 31 yaşlı oğlunun əmlakı barədə məlumat əldə etmək üçün ABŞ hökumətinə müraciət edib.
 
Rəsmi cavaba görə, iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.
 
Bu mənzilləri almaq üçün o nağd şəkildə 4.2 milyon dollar ödəyib. Elmar Məmmədyarovun nazir kimi qazancı isə təqribən 2-3 min manatdır.

"Azadlıq" Radiosu nazir oğlunun 4,2 milyonluq mənzil alması ilə bağlı XİN-in mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirliyin sözçüsü Leyla Abdullayeva bildirib ki, bu nazirin şəxsi həyatıdır və o bunu şərh edə bilməz: "Xarici işlər naziri və ya nazirliyin əməkdaşları nazirlik tərəfindən şərh olunmur”.
 

 
13 yanvar 2004-cü il tarixdə qəbul olunmuş "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5-ci maddəsində deyilir ki, vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada  mənbəyini, növünü və məbləğini göstərməklə hər  il öz gəlirləri, əmlakı, kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri,  şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı, şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu, şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatlarə təqdim etməlidirlər.
 
"Nazirin əmək haqqını hər kəs bilir, hətta yüz ilə o 4,2 milyon dollar edə bilməz”

Hüquqşünas Ələsgər Məmmədli Toplum TV-yə bildirir ki, nazirin gəliri barədə ictimaiyyətə məlumat verilməlidir, əks halda cəmiyyətdə başqa ehtimallar formalaşa bilər: "Elmar Məmmədyarovun və ya başqa bir nazirin ictimai missiyası və ya uzun müddət vəzifədə olması, eyni zamanda onun Azərbaycanın strateji maraqlarını təmsil etməsi nazirin və ya ailə üzvlərinin əmlakında sürətli dəyişiklik yaratdığı zaman bunu ictimai əhəmiyyətli edir. O, xarici siyasətdən məsuldur. Nazirin əmək haqqını hər kəs bilir, hətta yüz ilə o 4,2 milyon dollar edə bilməz. Deməli, burda  digər mənbə var”. 
 

 
Hüquqşünasın sözlərinə görə, "digər mənbə” açıqlana bilən mənbə, yəni qanuni mənbə olmalıdır. 

"Ola bilər, təbii ki, bunu iddia etmirəm, ehtimal edirəm, xarici işlər naziri Azərbaycan əleyhinə lobbilərin normal fəaliyyətini və onların lehinə fəaliyyət göstərməsi üçün oğlunun hesabına hansısa məbləğdə vəsait köçürüb. Təbii ki, bunu iddia etmirəm, ehtimal edirəm. Bu gün biz Ermənistanla müharibə vəziyyətindəyik, torpaqlarımız işğal olunub. Ermənilər Şuşanı paytaxt elan edirlər, bizim Xarici İşlər Nazirıiyi və dövlətimiz susur. İki gün sonra da məlum olur ki, 4,2 milyonluq villa alıblar. Burda da bir bağ yaranır. Yəni, istər-istəməz hər kəs düşünə bilər ki, elə bu susqunluğun bədəlidir. Mən əlbəttə ki, bunu dəqiq demirəm, amma hər halda bu, ictimai müzakirə üçün əsaslıdır. İctimai müzakirələri səngitmək və ictimai vicdanı sakitləşdirmək üçün bu mənbə, yəni 4,2 milyonun mənbəyi göstərilməlidir. Kim qazanıb, hardan qazanıb, harda vergi ödəyib, bütün bunlar cəmiyyətə təqdim olunmalıdır”, - Ə.Məmmədli söyləyir.

Açıqlanmayan gəlir bəyannaməsi
 
Araşdırmaçı jurnalist Xədicə İsmayılova bu haqda fikrini qısa  izah edir , o, 2006-cı ildən məmur və nazirlərin əmlakının bəyan olunmalı olduğunu deyir.  
 
 
2005-ci il iyunun 24-də "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” təsdiqlənib. Bu qaydaların tətbiqi barədə prezidentin 2005-ci il 9 avqust tarixli fərmanına görə, Nazirlər Kabineti maliyyə xarakterli məlumatların təqdim edilməsi üzrə bəyannamə formasının tərtib edilməsinə məsul qurumdur. Bəyannamə formasının müəyyən edilməsinə NK-ya 2 ay vaxt verilib. Amma aradan 15 il ötsə də, Nazirlər Kabineti bu günədək maliyyə xarakterli məlumatların təqdim edilməsi üzrə bəyannamə formasını hazırlamayıb.

Bu məsələ illərdir vətəndaş cəmiyyəti, mətbuat tərəfindən də gündəmə gətirilsə də, hökumət susaraq izahat vermir. Bu da bəzi ehtimallara yol açır. 

Məsələn, Ələsgər Məmmədli hesab edir ki, məlumatların təqdim edilməsi üçün forma hazırlanmaması hökumətin bunda maraqlı olmamasından irəli gəlir. Onun qənaətincə, hakimiyyət 15 ildə bunu edə bilmirsə, deməli, ortada siyasi iradə yoxdur. Hüquqşünasa görə, sözügedən sərvətin mənbəyi açıqlanmalıdır”.

"Mən Xarici İşlər Nazirliyinin sözçüsünü də başa düşürəm. O, əslində həmin ifadəylə dolayı şəkildə bunun mövcudluğunu və bunun başqa bir formada sorğulanmalı olduğunu vurğulayıb. Yəni, bunun xarici siyasətə aidiyyatı yoxdur, şəxsi məsələdir. Amma bu şəxsi məsələ də deyil. Bu ictimai əhəmiyyət daşıyır. Bir nazirin və ailə üzvlərinin birdən-birə varlanması üzə çıxırsa, bunun arxasında Azərbaycanın maraqları ilə tərs mütənasiblik ortaya çıxır. Ona görə bu tip məqamlar, istər nazirlər olsun, istər böyük pullara hökm edən, büdcə  vəsaitini xərcləyən şəxslər olsun, bunların belə qeyri-adi görünən bütün xərcləri və zənginləşmələrinin mənbələri açıqlanmalı və cəmiyyət rahatlamalıdır. Ola bilər, onun oğlu hansısa bizneslə məşğuldur və bunu həqiqətən də qazanıb. Amma bunun da mənbəyini göstərməlidir”, - hüquqşünas deyir. 

"Nazir də izahat təqdim etməlidir ki…”

Araşdırmaçı jurnalist Hafiz Babalı vəzifəli şəxslərin mənzil, əmlak və digər obyektləri haqda məlumatların publik informasiya olduğunu vurğulayır. O, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin nazirin mülkiyyəti ilə bağlı məlumatın onun şəxsi həyat məlumatları olması fikri ilə razı deyil. 
 

"Şəxsi həyat məlumatlar qanunla müəyyən olunub. Burda isə ölkədən kənarda yüksək dəyərdə, konkret olaraq mənbəyi məlum olmayan vəsait hesabına alınmış mənzillərdən söhbət gedir. Bu mənzillər birbaşa olaraq nazirin ailə üzvlərinin mülkiyyətidir. Qanunvericiliyimiz tələb edir, baxmayaraq ki, onun tətbiqi ilə bağlı normalar hələ qüvvəyə minməyib. Vəzifəli şəxslərin mənzil, əmlak və digər bu tipli  hüquq münasibətləri ilə tənzimlənən  obyektləri publik informasiyadır. Xarici işlər naziri qanunun tələbinə uyğun olaraq bununla bağlı  publik informasiya verməli, bəyannamə təqdim etməlidir, ictimaiyyətdə bu barədə sual yaranıbsa, onunla bağlı cavab verməyə borcludur”. 

Hafiz Babalının sözlərinə görə, belə hallar korrupsiyaya nəzarət edən dövlət qurumlarının diqqətində qalmalı, eləcə də nazir də bu mənzillər barədə ictimaiyyətə açıqlama verməlidir: "Necə ki antikorrupsiya orqanları uşaq bağçalarının müdirini, məktəb direktorunu, baş həkimi qanunsuz əldə etdiyi gəlirlərə görə ifşa edirlər, vəzifəli şəxsi cinayət məsulliyətinə cəlb edirlər, burda da eyni addımların atılması zəruridir. İlk növbədə müvafiq qurum tərəfindən korrupsiya gəlirlərinin əldə olunması ilə bağlı nazirə sorğu göndərilməli, o da izahat təqdim etməlidir ki, bu mənzillər onun tərəfindən və ya övladları tərəfindən hansı gəlirlər hesabına əldə olunub”. 

Hafiz Babalı bir məqama də önəm verilməsini istəyir. O, xarici işlər nazirinin Azərbaycanı kənarda təmsil etdiyini və onun reputasiyasının, gəlirlərinin maraq doğurduğunu söyləyir. Araşdırmaçı jurnalistin fikrincə, bu faktın özü ölkənin nüfuzu üçün ağır zərbə ola bilər: "Necə ki "Laundromat” hadisəsi, kürü diplomatiyası ilə bağlı qalmaqallı hadisələr, bu da o tipdə olan hadisədir”. 

Hafiz Babalı nazirliyin açıqlamasının hüquqa uyğun olmadığını deyir. 

Arzu Çinarlı