13:16, 27 Oktyabr 2020 (Çərşənbə axşamı) 422

Nazirlərin Cenevrə görüşü nəyi dəyişəcək?

Nazirlərin Cenevrə görüşü nəyi dəyişəcək?
"Oktyabrın 29-da keçiriləcək görüşdə ciddi irəliləyiş olması mümkün deyil”. 

Konfliktoloq Əvəz Həsənov oktyabrın 29-da Cenevrədə ATƏT-in Minks qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə keçirəcəkləri görüşü şərh edərkən belə deyib. 

Həmsədrlərin yaydığı bəyanatda deyilir: "Həmsədrlər və xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul olunmuş baza prinsiplərinə uyğun həlli üçün razılaşdırılacaq müvafiq zaman çərçivəsinə bütün lazımi addımların müzakirəsi, razılıq əldə olunması və həyata keçirilməsinə başlanması məqsədilə oktyabrın 29-da yenidən görüşməyi qərara alıb".

"Bu danışıqlar o zaman effektiv olardı ki...” 

Ə.Həsənov bildirir ki, bu görüş Azərbaycanın maraqlarına uyğun deyil: "Baza prinsipləri üzərində aparılacaq danışıqlar o zaman effektiv olardı ki, münaqişə sülh yolu ilə, qan tökülmədən həll olunsun, ancaq indi baza prinsipləri öz əhəmiyyətini itirir”. 
Konfliktoloqun fikrincə, Ermənistanı döyüşlər vasitəsilə sıxışdırmaqdan ötrü Azərbaycana danışıqlardan yayınmaq sərf edir: "Ermənilərin substantiv danışıqlara razılaşmaqdan başqa variantı yoxdur. İndiki vəziyyətdə bu danışıqlar onlara lazımdır, bizə yox”. 
Ermənistan işğal etdiyi torpaqlardan çıxacağıyla bağlı qrafik təqdim edərsə, döyüşlər dayana bilər – Azərbaycan prezidenti çıxışlarında bunu bir neçə dəfə deyib. 
Əvəz Həsənovun sözlərinə görə, Ermənistan Cenevrə görüşündə belə bir qrafik təqdim edəcəyi təqdirdə müharibə dayanacaq, ancaq hərbi əməliyyatlar tam olaraq bitməyəcək: "Əksinə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə möhkəmlənəcək”. 

"Həmsədrlərin Ermənistan qoşunlarını Azərbaycandan çıxmağa vadar edəcəyini düşünmürəm. Onlar çalışırlar ki, Ermənistan məğlub duruma düşməsin, bu isə bizim maraqlarımıza uyğun gəlmir” – "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə hesab edir. 

Cenevrə görüşündən böyük gözləntisi olmayan E.Şahinoğlunun fikrincə, danışıqların məqsədi yaranacaq fasilədən istifadə edərək Ermənistanın cəbhə xəttində möhkəmlənməsinə nail olmaqdır: "Ancaq mən bu görüşün substantiv danışıqlara zəmin yaradacağını düşünmürəm”.
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.
Döyüşlər nəticəsində Azərbaycan Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad edib. 

Oktyabrın 10-da və 18-də Moskvada, oktyabrın 26-da isə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb. 

Elməddin Şamilzadə