20:56, 20 Sentyabr 2020 (Bazar) 207

“Neft müqavilələri repressiv Azərbaycan hakimiyyətinin ömrünü uzatdı”

“Neft müqavilələri repressiv Azərbaycan hakimiyyətinin ömrünü uzatdı”
"Neftlə bağlı Azərbaycan xalqının arzuları gerçəkləşmədi, tam əksinə, neft müqavilələri sayəsində Azərbaycanda repressiv hakimiyyət uzun müddət iş başında qala bildi”.
 
AXCP sədri Əli Kərimli "Əsrin müqaviləsi”nin 26-cı ildönümüylə bağlı Toplum TV-nin suallarına cavab verərkən belə deyib. 
 
Partiya sədrinin sözlərinə görə, Azərbaycan neft kontraktlarından 160 milyard manata yaxın gəlir əldə etsə də, bu pulların böyük hissəsi korrupsiya yolu ilə xalqdan oğurlanaraq ofşor hesablara daşınıb.  

Əldə edilən gəlirlərin çox az qisminin maaş, pensiya və ya müavinətlər vasitəsilə xalqa çatdığını deyən Əli Kərimli iqtidarın neft siyasətinin iflasa uğradığını düşünür: "Müqavilələr imzalananda Heydər Əliyev vəd etmişdi ki, yeni neft strategiyası vasitəsilə Azərbaycan torpaqları işğaldan azad olacaq. Neft qurtardı, amma bilmədik o strategiya nədən ibarət imiş”. 
 
AXCP sədrinin sözlərinə görə, Azərbaycanın sabiq prezidenti "Əsrin müqaviləsi”ndən yararlanaraq Qərblə daha sıx yaxınlaşmaq vədini də yerinə yetirməyib. 
 
O, müqavilənin imzalanmasından ötən 26 il ərzində siyasi məhbus probleminin gündəmdən düşmədiyini də vurğulayır.    
 
Əli Kərimli hesab edir ki, neft strategiyası ilk növbədə neft pullarının düzgün xərclənməsinə, səmərəli istifadəsinə hesablanmalı idi.

Azər Qasımlı: "Neft amilindən istifadə edərək demokratiyanı məhv etdilər”.
 

 
Politoloq Azər Qasımlı neft müqavilələrinin demokratik mühitdə imzalanmadığını vurğulayır, qeyd edir ki, bu, korrupsiyalaşmış rejimin möhkəmlənməsinə təkan verib. 
 
Onun sözlərinə görə, neft müqavilələri Heydər Əliyevin və yaxud İlham Əliyevin dövründə yox, demokratik bir iqtidar dönəmində imzalansaydı, Azərbaycanda demokratiyanın inkişafına iqtisadi nöqteyi-nəzərdən ciddi təkan verə bilərdi: "Amma biz yalnız neftdən istifadə edib öz hakimiyyətini möhkəmləndirməyə çalışan bir iqtidar gördük. Elə neft amilindən istifadə edərək də demokratiyanı məhv etdilər”. 
 
Elman Fəttah: "Azərbaycanın siyasi mənzərəsinin formalaşmasında "Əsrin müqaviləsi”nin həlledici rolu var”.
 

 
Müsavat Partiyasının üzvü Elman Fəttah isə bildirir ki, Azərbaycanın siyasi mənzərəsinin formalaşmasında neft müqavilələri, xüsusilə də "Əsrin müqaviləsi”i həlledici yer tutur. 
 
O, "Əsrin müqaviləsi”nin supersəlahiyyətli prezident institunun formalaşmasında mühüm rol oynadığını, demokratiyanı boğduğunu düşünür: "Elə 2002-ci ildə keçirilən referendumda çoxpartiyalı sistemin zəiflədilməsi üçün proporsional seçki sisteminin ləğv edilməsi də prezident səlahiyyətlərinin həddindən artıq gücləndirilməsinə yönələn addım idi”. 
 
Elman Fəttah hesab edir ki, "Əsrin müqaviləsi”ndən sonra Azərbaycana daxil olan neft pulları demokratiyanın inkişaf imkanlarını tamamilə baltalayıb.  

Samirə Ağayeva: "Demokratiyanın bərqərar olunmasında neft müqavilələrinin heç bir əhəmiyyəti olmayıb”.
 

 
D18 Hərəkatında başqan səlahiyyətlərini icra edən Samirə Ağayeva deyir ki, Heydər və İlham Əliyevlərin imzaladıqları neft müqavilələrinin yalnız hakimiyyətə xeyri dəyib: ”Əsrin müqaviləsi”ndən bu qədər çox zaman keçib, amma neft hələ də sadəcə alver predmeti olaraq qalmaqdadır. Neft olan bir çox başqa ölkələrdəki kimi, Azərbaycanda da insan haqları, söz və ifadə azadlığı pozulur”.
 
Vahid Əhmədov: "”Əsrin müqaviləsi” Azərbaycana müstəqilliyini qoruyub saxlamaqda kömək etdi”.
 

 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, neft müqavilələri Azərbaycanın ictimai-siyasi həyatında çox böyük rol oynayıb, ölkənin müstəqilliyini qoruyub saxlamağa kömək edib.  
 
O, neft strategiyasıyla bağlı tənqidi fikirlərin müəyyən hissəsi ilə razılaşdığını bildirsə də, əsas məsələnin müstəqilliyə dəstək olduğunu deyib: "O ki qaldı digər məsələlərə, hələ vaxt var, yəqin ki, onlar da öz müsbət həllini tapacaq”. 

"Əsrin müqaviləsi” 1994-cü ilin 20 sentyabrında "Gülüstan” sarayında imzalanıb. 
 
Müqavilənin imzalanmasında 8 ölkənin( Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı) 13 neft şirkəti ("Amoco”, BP, "McDermott”, "Unocal”, SOCAR, "LUKoil”, "Statoil”(hazırda "Equinor”), "Exxon”, "Türkiye petrolleri”, "Pennzoil”, "İtochu”, "Remco”, "Delta”) iştirak edib. 
 
Sabiq prezident Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər günü” kimi qeyd olunur.
 
2017-ci il sentyabrın 14-də isə Bakıda prezident İlham Əliyevin iştirakı ilə "Yeni əsrin müqaviləsi" adı alan saziş növbəti saziş imzalanıb. 
Saziş SOCAR, BP, "Chevron”, "Inpex”, "Equinor” (əvvəlki "Statoil”), "ExxonMobil”, "TP”, "Itochu” və "ONGC Videsh” şirkətləri tərəfindən imzalanıb.
 
Şəbnəm Adil