11:56, 29 İyul 2020 (Çərşənbə) 521

"Neftin ucuzlaşması davam edəcək"

Reuters agentliyinin enerji təhlilçisi Alex Lawler yazır ki, hətta koronavirus pandemiyası olmasaydı belə, elektrik avtomobillərinin və bərpa olunan enerji növlərinin yüksəlişi neftə tələbatı əsaslı şəkildə azaldacaqdı.

Məhz buna görə də dünyanın ən böyük neft təşkilatında – 60 yaşlı OPEC-də bir çoxları neftə tələbatın azaldığı bir vaxtda neft təchizatını necə idarə etmək barədə düşünməyə başlayıblar.

OPEC kartelindəki mənbələrdən biri agentliyə bildirib ki, neft bazarının əsas oyunçuları artıq neft istehlakının heç vaxt tam dirçəlməyəcəyi barədə fikrə alışmağa çalışırlar.

Reuters yazır ki, OPEC-lə bağlılığı olan 7 hazırkı və keçmiş neft rəsmisi ilə müsahibələr aparılıb. Maraqlıdır ki, onlardan heç biri adının çəkilməsini istəməyib.

Məqalədə deyilir ki, cəmi 12 il bundan əvvəl OPEC ölkələrinə pul yağışı yağırdı. Neftə olan tələbat pik nöqtəsinə, bir barrelin qiyməti isə 145 dollara çatmışdı.

İndi isə kartel üzvləri tələbatın daimi tənəzzül etdiyi bir vaxtda öz işlərini dramatik şəkildə yenidən qurmağa məcburdurlar.

Müəllifin fikrincə bu, OPEC üzvlərini neft qiymətlərinin düşməsinin qarşısını almaq üçün Rusiya kimi qeyri-OPEC ölkələri ilə daha sıx əməkdaşlığa sürüyəcək.

Belə bir şəraitdə neft kartelinin öz daxilində də heç bir "qardaş qırğınına” yol verilə bilməz.

2006-2013-cü illərdə OPEC-in baş təhlilçilərindən biri olmuş Hasan Qabazard deyib ki, bir tərəfdən tələbatın azalması, digər tərəfdən isə qeyri-OPEC hasilatçılarının artması kartelin gələcək işini daha da ağırlaşdıracaq.
 
 azadliq.org